00:00:00
Yazar
Zəhra Həsənova
11.06.2026 17:45 22 3 dəq oxuma
Siyasət

Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib -  
Hikmət Hacıyev

Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib - Hikmət Hacıyev

Azərbaycan müstəqillik qazandıqdan bəri Orta Dəhliz üzərində işləyir. Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni ölçülər, yeni imkanlar yaranıb və bu yeni coğrafiyalara doğru genişlənib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq siyasətdə “orta güc” konsepsiyası böyük güclər arasında uzlaşma nöqtələri tapa bilən, müxtəlif tərəflərlə işləmək imkanına malik dövlətləri ifadə edir:

 

“Adətən bu kateqoriyaya Argentina, Braziliya və bəzi ərəb ölkələri daxil edilir. Bu ölkələrin əsas missiyası beynəlxalq münasibətlərdə orta xətt tutmaq, rəqabət aparan böyük güclər arasında körpü rolunu oynamaq, uzlaşma xətlərini tapmaq və bütün tərəflərin əməkdaşlıq etmək istədiyi ölkələrə çevrilməkdir. Ənənəvi olaraq orta güclər coğrafi ərazisi və əhali sayı baxımından böyük dövlətlər hesab olunurdu. Lakin XXI əsrdə, xüsusilə də 2020-ci ildən sonra beynəlxalq münasibətlər sistemində dəyişikliklər baş verib və artıq orta güc anlayışı daha çox ölkələrin oynadığı rol üzərindən qiymətləndirilir”.

 

Ekspert qeyd edib ki, Azərbaycan da bu gün orta güc konsepsiyasına uyğun gələn əsas ölkələrdən biri kimi qəbul olunur:

 

“Burada məsələ Azərbaycanın ərazi böyüklüyü və ya əhali sayı deyil. Söhbət Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı roldan gedir. Bu prosesdə Azərbaycanın əsas üstünlüklərindən biri nəqliyyat şəbəkələrinin mühüm qovşağı olmasıdır. Azərbaycanın xüsusilə, Orta Dəhliz marşrutu üzərindəki mövqeyi ölkənin strateji əhəmiyyətini artırır. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat potensialı ona Avrasiyanın nəqliyyat şəbəkəsində birləşdirici rol oynamaq imkanı verir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əsas nəqliyyat xətləri Cənubi Qafqaz vasitəsilə, əsasən də Azərbaycan üzərindən keçir. Regionda baş verən geosiyasi proseslər Azərbaycanın əhəmiyyətini daha da artırır. İran ətrafında gərginliklər, Rusiya ilə Qərb arasında qarşıdurma Avrasiyanın nəqliyyat dəhlizlərində, xüsusilə Şimal və Cənub marşrutlarında müəyyən problemlər yaradır. Bu isə Orta Dəhlizin əsas alternativ marşrut kimi aktuallaşmasına səbəb olur. Zərurət yarandıqda Şimal və Cənub istiqamətlərindəki daşımaların da Azərbaycan üzərindən yönləndirilməsi mümkündür. Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm tranzit qovşağı rolunu oynayır. Bu imkanlar Azərbaycanı beynəlxalq münasibətlərdə bütün tərəflərin işləmək istədiyi və diqqət göstərdiyi ölkəyə çevirir. Azərbaycan xarici siyasətdə də balanslı yanaşma sərgiləyərək həm regional, həm də qlobal güclərlə uğurlu tərəfdaşlıq münasibətləri qurub. Azərbaycanın siyasəti məhz bu istiqamətə yönəlib və bu da ölkənin orta güc statusunu gücləndirir”.

 

Asif Nərimanlı əlavə edib ki, postmünaqişə dövrü və sülh prosesinin inkişafı da Azərbaycanın mövqeyini möhkəmləndirən amillərdəndir:

 

“Azərbaycan-Ermənistan münaqişəsinin başa çatması və sülh prosesinin başlaması Orta Dəhlizin aktuallığını və rentabelliyini artırır. Çünki beynəlxalq daşımalar üçün ən vacib amillərdən biri marşrut üzərində münaqişələrin olmamasıdır. Qarabağ məsələsinin həlli və sülh gündəliyinin irəliləməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması daşımalar üçün yeni imkanlar formalaşdıracaq, Orta Dəhlizi daha səmərəli və təhlükəsiz marşruta çevirəcək. Bu istiqamətdə atılan addımlar Azərbaycanın orta güc konsepsiyasını daha da gücləndirəcək. Azərbaycan artıq regionda əsas həlledici aktorlardan biri kimi qəbul olunur. Bunu həm Çin, həm ABŞ, həm Avropa, həm də regional güclər qəbul edir. Azərbaycanın regional oyunçu kimi güclənməsi Cənubi Qafqazda sülh gündəliyinin inkişafına, bölgənin iqtisadi və siyasi inkişafına müsbət təsir göstərir. Eyni zamanda regiondakı güc balansının formalaşmasında da mühüm rol oynayır”.


Fatimə Hüseynli

#gündəm #ermənistanla #güc #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər