ERMƏNİLƏR YEVLAXA GƏLMƏDİLƏR
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlaxda Azərbaycan tərəfi ilə görüşlə bağlı razılığı son anda pozublar. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiyanın “Kommersant” qəzetində dərc edilən məqalədə əksini tapan fikirlərə münasibətində bildirilir. Hər zaman olduğu kimi bu dəfə də aparılan normal prosesləri, sülh və sabitlik anlaşmalarını kimin, hansı qüvvələrin pozduğu bir daha ortaya çıxmış oldu.
Azərbaycan tərəfinin açıqlamasından bəlli olur ki, əgər radikalların müdaxiləsi olmasaydı, Ağdam-Xankəndi yoluyla humanitar yük də daşınırdı, Qarabağdakı ermənilərlə müsbət nəticələnən görüş də keçirilmişdi.
“Humanitar fəlakət” iddialarının yalan olduğu bəlli oldu. Ermənilərin və onların havadarlarının niyyəti nəinki gərginliyi saxlamaqdır, hətta onu daha da şiddətləndirməkdir.
Öz siyasi və maddi ambisiyalarının girovuna çevirdikləri, blokadaya aldıqları Qarabağdakı məzlum erməni sakinlərin adından istifadə edən daşnaklar, kilsə və xaricdəki erməni lobbisi hər hansı müsbət prosesin qarşısında durmaqla Azərbaycanı provakasiyaya çəkməyə çalışır. Azərbaycan hələ ki, səbrlə yanaşaraq prosesin sülhlə getməsində maraqlı olduğunu göstərir.
Lakin radikalların bu cəhdləri nəticə verməyəcək. Azərbaycanın qətiyyəti, dəmir iradəsi və yumruğu prosesi öz əvvəlki məcrasına qaytaracaq və uğurlu şəkildə yekunlaşmasına yönləndirəcəkdir.
Mübariz Göyüşlü
