"Türkiyə-Ermənistan münasibətlərində irəliləyişin açarı Azərbaycandır"-POLİTOLOQDAN AÇIQLAMA
Ermənistanın Baz naziri Nikol Paşinyan COP31 konfransında iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər edib. Onun Antalyaya gəlişi iki ölkə arasında münasibətlərin gələcək inkişafı və regional siyasi proseslər baxımından diqqət çəkir.
Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycanla sülh prosesindən birbaşa asılıdır:
"Nikol Paşinyanın Antalyada keçirilən beynəlxalq tədbirdə iştirakı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından əhəmiyyətlidir. Bu səfər həm də Ermənistanın digər dövlətlərlə əlaqələrini genişləndirməsi üçün imkan yaradır.
Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasında və sərhədlərin açılmasında maraqlıdır. Antalyadakı tədbirə qatılmasının əsas səbəblərindən biri Türkiyə tərəfinin onu dəvət etməsidir. 100-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi zirvə toplantısı ona digər ölkələrin liderləri ilə görüşmək imkanı da yaradır.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Cənubi Qafqazda gedən proseslərə müsbət təsir göstərə bilər. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin inkişafından və sülh müqaviləsinin imzalanmasından asılıdır. Yəni bu proseslər paralel və əlaqəli şəkildə həyata keçirilməlidir.Paşinyan ötən il də Türkiyəyə rəsmi səfər etmiş və Türkiyə Prezidenti ilə görüşmüşdü. Bundan sonra, avqustun 8-də Vaşinqtonda üçtərəfli görüş keçirildi və sülh müqaviləsi paraflandı. Hesab edirəm ki, bu cür səfərlər münasibətlərin normallaşması prosesinə müsbət impuls verir".
Ayan Məmmədzadə