Ermənistan tərəfi ekoloji tarazlığı pozmaqda israrlıdır
Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirəsində ölkəmizdəki mövcud ekoloji problemlərə diqqət çəkib. Gədəbəydəki qızıl yataqlarının istismarından, Qarabağdakı ekoloji tarazlığın pozulmasından və ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrdən də danışıb…
Prezident İlham Əliyev Gədəbəydəki hadisələrdən danışıb. Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edən dövlət başçısı yataqların istismarını qəbuledilməz adlandırıb.
Azərbaycan Respublikasının Prezidenti: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Qızıl yatağını istismar edən təxribatçılar həm ölkədə, həm də xaricdə olub. Artıq Azərbaycandakılar müəyyənləşdirilərək bir neçəsi məsuliyyətə cəlb edilib. Ekspertlər deyir ki, ölkədə işləyən xarici şirkətlər ölkə qanunlarına hörmət etməli və öz işlərini qanun çərçivəsində həyata keçirməlidir.
Ekoloq Qorxmaz İbrahimli: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan qanununa uyğun olaraq istənilən beynəlxalq təşkilat olsun, biznes qurumu da ola bilər, nə olursa olsun mütləq Azərbaycan konstitusiyasına uyğun monitorinqləri keçirməliydi”.
Dövlət başçısı Qarabağdakı ekoloji tarazlığa da diqqət çəkib. Ermənistanın Qarabağ və Şərqi Zəngəzuru ekoloji fəlakət zonasına çevirdiyini xatırladıb. Ermənilər təbii resursların vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu dağıdılıb, talan edilib, satılıb. Transsərhəd çayları çirkləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemin aradan qaldırılması istiqamətində işlərini davam etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov deyir ki, “Bəsitçay” dövlət təbiət qoruğunun da bərpası ilə bağlı artıq işlərə başlanılmışdır, müvafiq tədbirlər görülür və digər bizim orada yerləşən qoruqlarımızın da bərpası istiqamətində fəaliyyət aparılır. Eyni zamanda su ehtiyatlarımızın düzgün şəkildə qiymətləndirilməsi, onun istifadəsi ilə bağlı da keyfiyyət monitorinqi aparılır. Eyni zamanda real vaxt rejimi ilə su ehtiyatlarımızı qiymətləndirməyimizə imkan verən 11 avtomat stansiya da quraşdırılıb.
Göründüyü kimi Azərbaycan tərəfi ekoloji tarazlığı bərpa etməyə çalışır. Ermənistan tərəfi isə öz əməllərini davam etdirir. Sərhəddə yaxın metallurgiya zavodunun tikilməsi buna misaldır. Zavodun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyu ilə suvarılan geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
