00:00:00
Yazar
Admin User
14.01.2026 17:14 72 3 dəq oxuma
Dünya

Ermənistan XİN rəhbəri: Rusiya və Türkiyə TRIPP-də iştirak etməyəcək

Ermənistan XİN rəhbəri: Rusiya və Türkiyə TRIPP-də iştirak etməyəcək

“Rusiyanın layihədə iştirakı müzakirə edilməyib. Layihənin məqsədi Rusiyanı regiondan çıxarmaq deyil. Ermənistan ərazisində Rusiya müxtəlif infrastruktur obyektlərində, o cümlədən dəmir yolu sahəsində təmsil olunur, lakin TRIPP layihəsində onun iştirakı nəzərdə tutulmayıb. Lakin gələcəkdə marşrutun davamı və ya digər əlaqəli layihələr çərçivəsində əməkdaşlıq mümkündür”, - Mirzoyan deyib.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, bu layihə regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlib:

 

"TRIPP layihəsi təxribat mənbəyi rolunu oynaya biləcək bir təşəbbüs deyil. Əksinə, bu layihə regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlib. "Zəngəzur dəhlizi" məsələsi ilk dəfə 2020-ci il 10 noyabr Bəyanatında, 9-cu bənd kimi qeyd olunub. Layihənin təşəbbüskarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Müharibə başa çatar-çatmaz Prezident İlham Əliyev region ölkələrinə bir təşəbbüslə çıxış edib. Məqsəd ondan ibarət idi ki, regionun 6 ölkəsi, yəni Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya bütün proseslərin və problemlərin həlli üçün əməkdaşlıq yolu ilə ortaq razılığa gəlsinlər. Məram o idi ki, bölgədə toqquşmaların qarşısı alınsın, ziddiyyətlər aradan qaldırılsın, insanlar və xalqlar mehriban şəraitdə yaşasınlar. Ermənistan isə bu təşəbbüsə formal şəkildə razılıq verib, Tehran və Moskva görüşlərində iştirak edib, lakin real addım atmayıb. Bu da bir daha göstərir ki, Ermənistan pərdəarxası və çirkli oyunlara üstünlük verir. Azərbaycan açıq siyasət yürüdür, mövqeyini şəffaf şəkildə bəyan edir. Ermənistan isə bu açıq yanaşmadan uzaqdır. Bu da onu göstərir ki, Ermənistan bölgədə sabitlik yaradan deyil, təxribatçı rol oynayan bir ölkədir. Onun bu davranışı dövlətlər arasında yaxınlıq yaratmaq əvəzinə, ədavət və qarşıdurma yaradır".

 

Müsahib bildirib ki, ona görə də indi həm Rusiyanı, həm də Türkiyəni Ermənistan bir daha özündən uzaqlaşdırır, küsdürür və bununla bağlı həmin ölkələrin haqlı narazılığı yaranır:

 

" Çünki birinci növbədə Türkiyə və Rusiya Azərbaycanın strateji müttəfiqləridir və onlardan heç nə gizlətməyib. Prezident İlham Əliyev mahir və peşəkar danışıqlar aparan, təmasları dəstəkləyən, səlis və düşünülmüş diplomatiya yürüdən liderdir. O heç bir tərəfdaşı ümidverici perspektivdən məhrum etməyib. Azərbaycan öz imkanlarını və maraqlarını açıq şəkildə ifadə edir və bu maraqlara uyğun olaraq istənilən ölkə ilə tərəfdaşlıq etməyə hazırdır. Hətta Ermənistanla belə əməkdaşlığa hazırdır. Onlara Azərbaycandan tranzit imkanları yaradılıb, yanacaq göndərilib. Amma buna baxmayaraq, Ermənistan cəmiyyətində bəzi qüvvələr bu əməkdaşlığı qəbul etmir, hətta Azərbaycan məhsullarına qarşı baykot çağırışları edirlər. Bu onu göstərir ki, Ermənistan ya öz suveren hüquqlarını qəbul etmir, ya da bu hüquqlara məsuliyyətlə yanaşmaq istəmir. Eyni zamanda, Ermənistan regionda kin və qarşıdurma mühitini davam etdirməkdə maraqlı görünür. Nə Rusiya, nə də Türkiyə bu vəziyyətdən məmnundur, əksinə, hər iki ölkə narazılıq ifadə edir. Azərbaycanın burada heç bir günahı yoxdur və ola da bilməz. Çünki TRIPP layihəsinin müəllifi Prezident İlham Əliyevdir. Azərbaycanın əsas məqsədi isə Naxçıvanla ölkənin əsas hissəsi arasında maneəsiz əlaqənin təmin edilməsidir".

 

Politoloq qeyd edib ki, digər tərəfdən, əgər Azərbaycan bu layihəni təqdim edirsə, məqsədi ondan maksimum dərəcədə bütün ölkələrin, iştirakçıların və potensial tərəfdaşların faydalanmasıdır:

 

" Lakin Ermənistan artıq ilkin mərhələdə belə təxribat toxumlarını səpməyə çalışır ki, bu da gələcəkdə problemli vəziyyətlərə səbəb ola bilər. Bu yanaşma regionun inkişafına xidmət etmir. Əgər Azərbaycan bu layihənin çoxşaxəli və müsbət təsirlər yaratmasını hədəfləyirsə, Ermənistan bu məqsəddən uzaqdır. Azərbaycan isə heç vaxt gizli, örtülü bazar prinsiplərinə üstünlük verməyib. Əgər hansısa proseslər ölkəmizin maraqlarına və təhlükəsizliyinə ziddirsə, Azərbaycan ona qatılmır. Azərbaycan üçün birinci növbədə vacib olan milli təhlükəsizlikdir, ikinci olaraq isə bölgənin təhlükəsizliyidir. Bu yükün böyük hissəsini demək olar ki, 90%-ni Azərbaycan özü daşıyır. Bütün qonşu dövlətlər də, o cümlədən Rusiya və Türkiyə, Azərbaycanın bu mövqeyini dəstəkləyirlər. Xüsusilə Türkiyə Azərbaycan üçün strateji tərəfdaş, qardaş ölkədir. Onunla heç bir gizli gündəmi yoxdur. Ermənistan isə yenidən təxribat yönlü mövqe sərgiləyərək regionda sabitliyə mane olur".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər