Ermənistanın terror əməllərinin arxasında hansı amillər dayanır?
Ermənistan tərəfinin mina terroruna getməsi bölgədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyırdı. Eyni zamanda düşmən tərəf Ağdam-Xankəndi yolunun açılmasından sonra Beynəlxalq diqqəti bölgəyə yönəltməyə çalışırdı. Siyasətçilərin fikrincə, Ermənistan hakimiyyəti Qarabağ ermənilərini bir subyekt halına çevirmək və danışıqlarda tərəf statusu qazandırmaq üçün təxribatlara getdi.
Siyasi şərhçi Oktay Qasımov hesab edir ki, Qarabağ erməniləri məsələsi adı ilə Azərbaycana qarşı yeni bir beynəlxalq kampaniyanın həyata keçirilməsi nəzərdə tutulurdu: “Bu işin də arxasında duran qüvvələr məlumdur. Fransa və digərləri məhz bu məsələlərdən istifadə edəərək Azərbaycana təzyiq mexanizmlərini arxtarırdılar, təzyiq artırmağa çalışırlar. Azərbaycan əleyhinə beynəlxalq səviyyədə əks təbliğat kampaniyası qurulmuşdu və heç təsadüfü deyil ki, son iki ayda humanitar böhran şousu adı ilə Azərbaycana qarşı beynəlxalq səviyyədə bir kampaniya təşkil etdilər. Məhz bu hesabların üzərindən bu terror aktlarına gedildi”.
Qarabağ amili uzun illər Ermənistanın siyasətində hakimiyyətə yiyələnmək üçün vacib rol oynayıb. Qarabağda vəziyyətin gərginləşməsi həm Ermənistan müxalifətinin, həm də siyasi rəhbərliyinin xeyrinə xidmət edir. Qarabağ erməniləri məsələsi İrəvanda özlərinin daxili siyasi problemləri və hakimiyyət uğrunda mübarizələri üçün istifadə etməyə çalışırlar.
Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, siyasi hakimiyyətin daxilində baş verən proseslərdə də, müxalifət daxilində baş verən proseslərin konteksində də yenə bu məsələ dayanır: “Kənar qüvvələr regiona müdaxilə etmək istəyir, Erməni diasporu ciblərini doldurmaq və xaricdəki hakimiyyətlərə gərəkli olmaq istəyir. Ermənistanın siyasi hakimiyyəti öz mövqelərini qorumaq, Ermənistanın müxalifəti isə hakimiyyətə gəlmək arzusundadır”.
Ekspertlər onu da deyirlər ki, Ermənistan bölgədə vəziyyəti gərginləşdirərək Qarabağda gedən bərpa-quruculuq işlərinə və azad olunmuş ərazilərə investisiya yatırmaq istəyən xarici şirkətlərə əngəl törətməyə çalışırdılar. Öz xislətindən əl çəkməyən düşmən eyni zamanda gündəmi dəyişərək vaxt qazanıb seçkiyə gedən xarici hakimiyyətlərin Azərbaycana təzyiq göstərməsinə nail olmaq istəyirdi.
