Ukraynanın təhlükəsizlik zəmanətləri: Rusiya ilə razılaşma nə dərəcədə mümkündür?
ABŞ dövlət katibi Marko Rubionun Ukraynanın müharibədən sonrakı təhlükəsizliyinin Rusiya tərəfindən də qəbul edilməli olduğu barədə açıqlaması Vaşinqtonun sülh danışıqlarına yanaşmasını yenidən gündəmə gətirib. Bu mövqe gələcək təhlükəsizlik mexanizmlərinin formalaşdırılması, Ukraynanın suverenliyi və Qərbin üzərinə götürəcəyi öhdəliklərlə bağlı bir sıra suallar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, ABŞ müharibənin başa çatmasını yalnız hərbi əməliyyatların dayandırılması deyil, tərəflərin gələcək təhlükəsizlik maraqlarının uzlaşdırılması kimi nəzərdən keçirir:
"Rusiyanın Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsində razılığının tələb edilməsi Moskvanın danışıqlardakı mövqeyini gücləndirə, eyni zamanda Kiyevin müstəqil qərarvermə imkanları ilə bağlı narahatlıq yarada bilər. Ukrayna üçün əsas məsələ Rusiyanın razılığını almaq deyil, gələcəkdə yeni hərbi təcavüzün qarşısını ala biləcək real təminatlara sahib olmaqdır. Bu zəmanətlərin beynəlxalq müqavilə ilə rəsmiləşdirilməsi də asan olmayacaq. Sənədin ABŞ Konqresində, xüsusilə Senatda təsdiqlənməsi siyasi çətinliklər yarada bilər. Bundan başqa, zəmanətlərin hansı hallarda qüvvəyə minəcəyi, hərbi müdaxilənin forması və öhdəliklərin müddəti dəqiq müəyyənləşdirilməlidir. Əbu-Dabi danışıqlarının nəticə verməsi üçün isə ərazi məsələləri, müharibədən sonrakı təhlükəsizlik mexanizmləri və atəşkəs şərtləri üzrə irəliləyiş əldə olunmalıdır. Əsirlərin dəyişdirilməsi, enerji infrastrukturuna hücumların dayandırılması və Qara dənizdə təhlükəsizliyin təmin edilməsi kimi məsələlər də prosesə müsbət təsir göstərə bilər. Bununla yanaşı, Ukraynada seçkilərin keçirilməsi məsələsi də mürəkkəb olaraq qalır. Ölkə qanunvericiliyinə əsasən, hərbi vəziyyət dövründə prezident, parlament və yerli seçkilərin keçirilməsi qadağandır. İşğal altında olan ərazilər, ölkədən kənarda yaşayan milyonlarla vətəndaş, hərbi qulluqçuların səsvermədə iştirakı və seçki kampaniyasının təhlükəsizliyi bu prosesi daha da çətinləşdirir. Seçkilərin keçirilməsinin uzadılması demokratik legitimliklə bağlı müzakirələrə səbəb ola bilsə də, əsas prioritet onların azad, təhlükəsiz və beynəlxalq standartlara uyğun təşkili olmalıdır. Rəşad Bayramov hesab edir ki, Rusiyanın təhlükəsizlik maraqları, Ukraynanın suverenliyi və Qərbin uzunmüddətli öhdəlikləri arasında tarazlıq yaradılmadan əldə ediləcək atəşkəsin davamlı sülhə çevrilməsi çətin olacaq".
Güllüzar Nəbili