ETİRAF ETMƏK DƏ BİR MƏDƏNİYYƏTDİR
Bunu tədqiqatçı alimlərimizdənyalnız Əziz müəllim edib
“Biz klassiklərimizi tənqid edirdik, bilə-bilə ki, onlar bunun üçün əsas vermirlər. Mən mənsub olduğum nəslin və şəxsən özümün böyük klassiklər qarşısında günahlarını yumaq istəyirəm. Biz qabaqcadan bilə-bilə ki, damğalara layiq deyillər, yenə onları tənqid eləmişik. Əgər indi biri bizim məqalələrimizi götürüb oxusa... utanıb başımızı aşağı salarıq”.
Bu sözlər görkəmli ədəbiyyatşünas, mətbuatşünas, arxivşünas, mətinşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədova məxsusdur. Əziz müəllim yeganə tədqiqatçı alim idi ki, Sovet dövründə yazdıqlarını inkar etmədi, gizlətmədi. Əksinə bu səhvlərini düzəltmək üçün Tanrıdan möhlət istədi, Tanrı da Əziz müəllimə bu möhləti verdi. 1980-cı illərin sonlarından ta dünyasını dəyişən günə kimi (2002) gecəli-gündüzlü “günahlarını” yumaq üçün işlədi. “Mənə elə gəlir ki, mən əsl elmlə yalnız son illər məşğul olmuşam”-söyləyən alim bir daha etirafını bəyan etdi. Etiraf etmək, bağışlamaq çox az-az insanlara nəsib olur. Ancaq kamil və aqil insanlar bunu edə bilir.
***
Çoxsaylı əsərlərin, məqalələrin müəllifi olan Ə.Mirəhmədovun elə əsərləri var ki, bir elmi-tədqiqat institutunun, yaxud müəlliflər kollektivinin görə biləcəyi əzəmətli bir işə bərabərdir. Əziz müəllim isə bu işləri təkbaşına görmüşdü. Lakin bunun üçün nə qürurlanır, nə də kimisə məzəmmət edirdi. Ömrünün 40 ilini sərf etdiyi “Azərbaycan jurnalistləri və naşirləri” (Ensiklopediyası) buna ən gözəl nümunədir. Tədqiqatçı alim bu əsərinin makina nüsxəsinin 1980-cı illərin ortalarında nəşriyyatda “itməsi”ndən pərişan olsa da yenidən işə başlayır. İkinci dəfə isə daha mükəmməl bir ensiklopediya ortaya qoyur.
“Abdulla Şaiq”, “Sabir”, “Məhəmməd Hadi”, “Yazıçılar, talelər, əsərlər”, “Azərbaycan Molla Nəsrəddini”, “XIX və XX əsrlər Azərbaycan ədəbiyyatı tarixindən tədqiqlər” əsərləri və yüzlərləelmi-publisistik məqalələri alimin bu gün mətbuatşünaslığımıza verdiyi ən dəyərli töhfələrdəndir. Bu əsərlər Sovet dövrünün amansız ideoloji amirlik təsiri altında yazılsa da mətbuat və ədəbiyyat tariximizdə neçə-neçə təqdiqatçılar nəslini məlumatlandıracaq, istiqamətləndirəcək, yeni tədqiqatların yaranmasına səbəb olacaq.
Əziz müəllimlə ilk dəfə 1990-cı ilin qarlı-boranlı qış günündə Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda görüşdüm. Çox mehriban və səmimi olan Əziz müəllimlə söhbətimizi onun iş otağında davam etdirdik. Yazı masasının üstündə Əhməd bəy Ağaoğlu ilə bağlı bir neçə material göstərib dedi: “Qızım, çox təəssüflər ki, bu kişilərin qədrinin bilməmişik, onlara damğa vurmuşuq. Hazırda Əhməd bəyin həyatı, yaradıcılığı haqqında kitab hazırlayıram. Sağ olsunlar dostlarım. Mənə Əhməd bəy haqqında Ankaradan, İstanbuldan çox materiallar göndəriblər. Əhməd bəyin Türkiyədə yaşayan qızı Sürəyya xanımla məktublaşıram. Bu işdə o da mənə çox yardımcı olur. Səhhətim xarablaşmasa, işi mütləq sona çatdıracağam. Əgər bunu edə bilsəm yəqin ki, Əhməd bəyin ruhu məni bağışlar. Bir zaman hakim partiyanın ideologiyasının təsiri ilə “burjua jurnalisti” adlandırdığım Əhməd bəy çox böyük şəxsiyyət olub. Qızım, onun aşkarca bəxti gətirməmişdi. Əhməd bəyin sadəcə adını çəkmək də qadağan və “xətalı” olduğundan onun portretini istər-istəməz əyri güzgüdə göstərməyi rəva bilirdilər. Təəssüf ki, mərifət və istedadca, ondan çox aşağı pillədə duranlar belə onun haqqında olmazın ittihamlar söyləyirdilər. Ömrünün cavan, ahıl və qoca çağlarında, nə vaxt, harada olursa-olsun, onun ürəyi Azərbaycanla, doğma “Şuşa qalası” ilə həmahəng döyünürdü. Əhməd bəy heç nə yazıb yaratmasaydı belə, təkcə “Difai”ni yaratmaqla bu xalqa oğulluq borcunu vermiş oldu. Özü də necə verdi. Bəs biz ona necə qiymət verdik? Uzun illər adına, şəxsiyyətinə yaraşmayan qarayaxmalar, böhtanlar, yalanlar ayaq açdı ədəbiyyatımızda, mətbuatımızda. Ən böyük dəhşətlisi bu idi ki, təkcə Əhməd bəyi deyil, bütün klassiklərimizi yeni nəslə əyri güzgüdə təqdim edirdik. Vulqar, sosioloji qiymətlərə əl atıb onların yaradıcı rolunu, şəxsiyyətini müxtəlif yollarla aşağı endirirdik. Qızım, bilirsənmi, Kamerton itiriləndə, orkestrdə yad səslər əmələ gəlir. “Mədəniyyətimizin qaymağlarını” məhv etdilər. Ədəbiyyat, mədəniyyət, mətbuat, ədəbi mühit başsız qaldı. Bütün tariximizi, ədəbiyyatımızı başqa cür yazdıq. Əli bəy, Əhməd bəy, Məmmədəmin, Mirzəbala kimi oğulları xalqın böyük düşməni kimi qələmə verdik. Demək olar, hamımız mən və qələm yoldaşlarım istisnasız belə edirdik. Bu gün heç kəs yaxasını bu işdən kənara çəkə bilməz. Bolşevik mətbuatını və yazarlarını yüksəldərək, milli mətbuatımızı “burjua” adı ilə olmazı böhtanlarla alçaltdıq. Eşitdiyimə görə, bu gün bəziləri əsərlərini kitabxanalardan yığışdırır, gizlədir. Amma düşünmür ki, onlar artıq xalqın yaddaşındadır. Ona görə də etiraf etmək, səhvlərimizi düzəltmək lazımdır. Allaha şükür indi Baş Mətbuat İdarəsi başımızın üstündə yoxdur.
-Əziz müəllim, bəlkə hər şeyi də yuxarıların üstünə atmayaq. Kimisə məzəmət etmək çox asan deyilmi? Bəlkə hərdən bir Baş Mətbuat idarəsinin gözündən yayınmağa cəhd eləmək olardı.
- Cəhd edənlərimiz oldu, qızım! Onların da taleyi akademik Heydər Hüseynovun taleyi kimi oldu. Heydər Hüseynov mənim müəllimim olub. Çox cəsarətli, mərd, millətsevər insan idi. 1944-cü ildə Həsən bəy Zərdabiyə münasibət yaxşı deyildi. Görün ha kimə, Həsən bəyə. Bütün ömrünü bu xalqın xoşbəxtliyi uğrunda hədər etdi. Onu həqarətlə “islahatçı, liberal” adlandırırdılar. Bu Heydər müəllimi çox narahat edirdi. Odur ki, Həsən bəyin yubileyini təşkil etdi. Mətbuatda onun haqqında məqalələr çap elətdi. Dərhal elə bizim öz alimlərimizdən bəziləri MK-ya məktublar yazdı, Heydər müəllimə olmazın iftiralar atdılar. Elə MK-yə də bu lazım idi. Komissiya düzəltdi. Belə istedadlı, vətənpərvər alimi bihörmət etmək üçün gurultulu kampaniya başladı, nə başladı. Bu kampaniyada hazırda sağ olan bəzi akademiklərimiz bir canfəşanlıqla iştirak etdilər ki, gəl görəsən...
-Əziz müəllim, bu gün o akademiklərin adlarını niyə biz gənclikdən gizlədirsiniz? Müsahibələrinizdə, xatirələrinizdə bunları açıqlayın. Qoyun bu gün onların övladları, nəvə, nəticələri bilsin ki, onların ata, babaları kim olub. Milləti, xalqı yolunda hansı “xidmətləri” edib.
Əziz müəllimlə bu görüşümüzdən nə az, nə çox düz 25 il keçir. Amma bu 25 il ərzində heç kəs nə Əziz müəllim kimi etiraf etməyi bacardı, nə də... Əziz müəllim bu etirafdan sonra “Əhməd bəy Ağaoğlu” kimi sanballı bir monoqrafiyanı hazırladı. Doğrudur,əsərin işıq üzü görməsi müəllifə qismət olmadı. Tədqiqatçı alimin yaxınlarından eşitdiyimə görə, Əziz müəllimin nəşriyyata təqdim etdiyi “Əhməd bəy Ağaoğlu” monoqrafiyası günlərin birində “qeybə” çıxır. “Qeybə” çıxan bu əsəri müəllifin qızı filologiya üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova (Əlizadə) çox böyük çətinliklərlə yenidən hazırlayaraq 2013-cü ildə çap etdirərək elmi ictimaiyyətə töhfə edib.
Məqaləni tamamlarkən təqvimə baxdım. Yanvarın 11-i Əziz müəllimin doğum günüdür. Müstəqilliyimizin ikinci ili 1920-ci ilin 11 yanvarında Bakıda dünyaya göz açan Əziz müəllim uzun illər Sovet dövrünün amansız “qayda-qanun”ları ilə yaşasa da, Tanrı ona 11 il müstəqilliyimizin sevincini dadaraq yazıb-yaratmağı “günahlarını yumağı” qismət etdi. Allah Sizə rəhmət eləsin, Əziz müəllim. Siz bu etirafınızla milyonların qəlbində ucaldınız!
“Kaspi” qəzeti, 28 yanvar 2015
BDU-nun professoru Qərənfil Dünyaminqızı
