00:00:00
Yazar
Güllər Gülhüseynova
24.09.2026 20:16 47 2 dəq oxuma
Sosial

Ev şəraitində hazırlanan konservlər nə qədər təhlükəsizdir? – Ekspertdən xəbərdarlıq

Ev şəraitində hazırlanan konservlər nə qədər təhlükəsizdir? – Ekspertdən xəbərdarlıq

Ev şəraitində hazırlanan konservlər xüsusilə mövsümi məhsulların uzun müddət saxlanılması üçün geniş istifadə olunur. Lakin məhsulların düzgün hazırlanması və saxlanılmaması ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Konservlərin təhlükəsizliyində istifadə olunan xammal, istilik emalının düzgün aparılması, məhsulun turşuluğu və duzluq səviyyəsi, eləcə də qablaşdırma və saxlanma şəraiti mühüm rol oynayır. Bəs ev şəraitində hazırlanan konservlərin təhlükəsizliyini necə müəyyən etmək olar? Hansı məhsullar daha çox risk daşıyır?

 

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, ev şəraitində konservləşdirilən qidaların təhlükəsizliyi ilk növbədə düzgün texnologiyadan və hazırlanma qaydalarına əməl olunmasından asılıdır:

 

“Ən ciddi risklərdən biri konservlərin hazırlanması zamanı kifayət qədər istilik emalının aparılmaması və ya məhsulun təhlükəsiz turşuluq səviyyəsinə çatdırılmamasıdır. Xüsusilə oksigensiz mühitdə inkişaf edə bilən Clostridium botulinum bakteriyası və onun yaratdığı toksin botulizmə səbəb ola bilər. Reseptdən kənara çıxmaq, istilik emalının müddətini azaltmaq və məhsulun saxlanma şərtlərinə əməl etməmək də ciddi risk yaradır. Konservin təhlükəli olub-olmadığını yalnız onun xarici görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil. “Qoxusu normaldır”, “qapağı şişməyib” və ya “dadında problem yoxdur” kimi göstəricilər məhsulun təhlükəsizliyinə zəmanət vermir. Bununla belə, qapağın şişməsi, sızma, qabın deformasiyası, köpüklənmə, qeyri-adi rəng və qoxu, kif və ya fermentasiya əlamətləri müşahidə olunursa, məhsul dadına baxılmadan atılmalıdır. Şübhəli konservlərin sonradan qaynadılaraq təhlükəsizləşdirilməsinə də diqqət çəkən ekspert belə məhsulları “bir az qaynatmaqla” təhlükəsiz hala gətirməyə çalışmaq düzgün deyil”.

 

Fərid Səfərov konservləşdirilən məhsulun növünün də təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirib. Pomidorun turşuluğu dəyişə bildiyindən bu məhsulların konservləşdirilməsində etibarlı resept və düzgün turşulaşdırma vacibdir:

 

“Xiyar konservlərində isə turşuluq, duz konsentrasiyası və istilik emalı əsas nəzarət nöqtələridir. Göbələklər daha riskli məhsullardan biri hesab olunur, çünki onların turşuluğu aşağı ola bilər və ev şəraitində təhlükəsiz konservləşdirilməsi daha ciddi texnologiya tələb edir. Ət, quş əti və digər aşağı turşulu məhsullar da xüsusi risk daşıyır. Bu məhsulların adi qaynadılması və ya su vannasında konservləşdirilməsi botulizm riskini aradan qaldırmaq üçün kifayət etməyə bilər. Belə məhsullar üçün uyğun texnologiya və sınaqdan keçirilmiş prosedurların tətbiqi vacibdir. “Hazırlanma üsulu, reseptin etibarlılığı və saxlanma şəraiti məlum olmayan, xüsusilə evdə hazırlanmış ət, göbələk və digər aşağı turşulu konservlərə daha ehtiyatla yanaşmaq lazımdır. Şübhə varsa, məhsulu istehlak etməkdənsə, ondan imtina etmək ən təhlükəsiz seçimdir”.

 

Fatimə Hüseynova

#azərbaycan #şəraitində #xəbər #konservlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər