“Ev sahibinə deja-vü yaşatmalıdır” - İnteryer dizayner Leyla Cabbarlı sirrləri açıqlayır
“70-80-ci illərdə bizdə istifadə olunan mebellər artıq yenidən dəbdədir. Artıq minimalizm dəbidir” deyən Leyla Cabbarlının fikrincə, interyer dizayner həm də psixoloq olmalıdır. Çünki interyer dizayner olaraq hansısa proyekt üzərində işləyəndə müştərinin həyat tərzi, hobbiləri ilə maraqlanmaq lazımdır. Əgər bu şəxsi proyektdirsə, məsələn, hər hansı bir mənzil, yaxud şəxsi evdirsə, o evin içində yaşayacaq insanın durumu, yanlız, yaxud ailəsi ilə yaşayacağı da nəzərə alınmalıdır.
Leyla Cabbarlının sözlərinə görə, interyer dizayn estetik cəhətdən insanın rahatlığının daha doğru olmasının təməli deməkdir. Hər insanın bir xəyalı var - interyer də buna uyğun olmalıdır. Ev sahibi evinə daxil olduğu zaman deja-vü yaşamalı, istədiklərini görməli, sanki xəyallarının reallaşdığını hiss etməlidir.
Qeyd edək ki, son illərdə dizaynerlərə tələbat çoxalıb. Bunun səbəbi isə insanların dünyaya çıxışı və müxtəlif memarlıq abidələri, gözəl işlər ilə tanış olmalarıdır. Bu sahədə mütəxəssislər çox olmasa da, yetərincə var.
Hər il yeni dəblər gəlir. 2022-ci ildə "yeni minimalizm" dəbdə olub. Köhnə minimalizmdə düzbücaq formalar və sakit rənglər dəbdə olubsa, yeni minimalizmdə daha sakitləşdirici rənglər, məsələn, açıq boz və bəyaz tonlar dəbdə olub. Həmçinin memarlıqda da fasadlarda ağ rənglər, təbii-qabarıq daşlar, ağac, yəni orqanik materiallar dəbdədir. Bir sözlə, köhnə stil geri qayıdır.
Leyla Cabbarlı müştərinin hər zaman haqlı olduğunu bildirir. Müştəri mütəxəssis olmadığından, yəni müxtəlif məqamları tam yaxşı bilmədiyindən dizaynerə müraciət edir. Mütəxəssis sadəcə müştərinin dediyini edirsə, bu doğru deyil. Müştəri narazılığı olarsa, dizaynı qismən dəyişmək olar. Çünki öncədən müştəri ilə dizayner arasında dizaynla bağlı söhbət olur ki, bu zaman müştəri nəyi istəyib istəmədiyini dizaynerə deyir və dizayn da bu danışığa əsaslanır.
Aydan Qasımova
