00:00:00
Yazar
Nərmin Həşimova
05.10.2026 18:53 25 2 dəq oxuma
Sosial

Evdə hazırlanan qidaların satışı: Hansı tələblərə əməl olunmalıdır?

Evdə hazırlanan qidaların satışı: Hansı tələblərə əməl olunmalıdır?

Evdə hazırlanan tort, şirniyyat, xəmir məmulatları və müxtəlif hazır yeməklərin sosial şəbəkələrdə satılması son illərdə geniş yayılıb. Bu cür məhsulların hazırlanması və satışı zamanı əsas məsələ onların ev şəraitində hazırlanması deyil, qida təhlükəsizliyi qaydalarına əməl olunmasıdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, evdə hazırlanan qidaların satışı zamanı həm məhsulu hazırlayan şəxsin, həm də fəaliyyət göstərilən məkanın müəyyən tələblərə uyğun olması vacibdir:

 

“Burada ilk növbədə məhsulu hazırlayan şəxsin və fəaliyyət göstərdiyi məkanın qanunvericiliyin tələblərinə uyğunluğu nəzərə alınmalıdır. Sadəcə sosial şəbəkədə səhifə açaraq tort, salat, xəmir məmulatı və ya hazır yemək satmaq qida təhlükəsizliyi baxımından kifayət hesab edilməməlidir. Xüsusilə kremli tortlar, ət və süd məhsulları, hazır yeməklər kimi riskli qidalara daha ciddi yanaşılmalıdır. Məhsulların hazırlanması zamanı xammalın keyfiyyəti, mətbəxin təmizliyi, suyun keyfiyyəti, avadanlıqların təmiz saxlanılması və şəxsi gigiyena əsas məsələlərdəndir. Xammalın mənşəyi məlum olmalı, yararlılıq müddəti keçmiş məhsullardan istifadə edilməməli, çiy və hazır qidaların bir-birinə təması önlənməlidir. Əllərin və iş səthlərinin təmizliyi, avadanlıqların yuyulması, tullantıların vaxtında uzaqlaşdırılması da vacibdir. Qida hazırlayan şəxs xəstə olduğu halda qida ilə işləməməlidir. Xüsusilə qaymaq, krem, mayonez, ət, toyuq, balıq, süd və yumurta tərkibli qidalarda temperatur qaydalarına əməl olunmalıdır”.

 

Fərid Səfərov qeyd edib ki, qidanın təhlükəsizliyi yalnız hazırlanma mərhələsi ilə məhdudlaşmır. Hazır məhsulun düzgün saxlanılması və alıcıya çatdırılması da mühüm əhəmiyyət daşıyır:

 

“Soyuducuda saxlanmalı məhsullar uyğun temperaturda qorunmalı, çiy və hazır qidalar bir-birindən ayrı saxlanılmalıdır. Hazır məhsulun üzərində hazırlanma tarixi, saxlanma müddəti və saxlama şəraiti barədə məlumatların olması da istehlakçı üçün vacibdir. Xüsusilə tez xarab olan qidalar temperatur nəzarəti olmadan uzun müddət daşınmamalıdır. Sosial şəbəkə üzərindən satış qida təhlükəsizliyi tələblərindən azad etmir. Şəxs mütəmadi olaraq qida hazırlayaraq satış həyata keçirirsə, onun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi məsələsi nəzərə alınmalıdır. Evdə hazırlanıb satılan qidalarla bağlı əsas məqsəd kiçik sahibkarların fəaliyyətini məhdudlaşdırmaq deyil, istehlakçı üçün təhlükəsiz qida təmin etməkdir. Məhsulun evdə hazırlanması onun avtomatik olaraq təhlükəsiz olması demək deyil. Əsas məsələ qidanın hansı şəraitdə hazırlanması, necə saxlanması və istehlakçıya hansı formada çatdırılmasıdır”.

 

Güllüzar Nəbili

#hansı #qidaların #yeni #evdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər