00:00:00
Yazar
Admin User
08.11.2023 13:33 476 3 dəq oxuma
Sosial

Evlərin qiymətində artım olacaq?

Evlərin qiymətində artım olacaq?

Ölkəmizdə və dünyada daşınmaz əmlaka hər zaman tələbat yüksək olub. Bu gün isə evlərin, xüsusilə, həyət evlərinin, torpaq sahələrinin qiymətlərinin artması müzakirə olunan məsələlərdən biridir. Bəs, bu artımın əsas səbəbləri nələrdir?

 

İnformator.az bu məsələ ilə bağlı araşdırma edib.

 

Saytımıza açıqlama edən əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hər il mart ayının sonundan başlayaraq, avqust ayının sonuna kimi həyət evlərinə və torpaq sahələrinə tələbat davam edir.

 

“Tələbat artdıqca qiymətlərdə də artım müşahidə olunur. İsti aylarda torpaq sahələrinə tələbatın çox olmasının səbəbi, sahəni o aylarda alıb, havalar soyuyana kimi tikinti və təmir işləri görülməsidir. Sentyabr ayından, mart ayının sonuna qədər qiymətlər nisbətən azalır. Bunun səbəbi isə alıcıların kifayət qədər az olmasıdır. Ancaq oktyabrın 1-dən çıxarışı olmayan torpaq sahələrində tikilən fərdi həyət evlərinə kommunikasiya xətlərinin çəkilməsi, sayğacların qoyulması qadağan edilib. Buna görə də çıxarışı olan həyət evlərinə tələbat daha çox olacaq".

 

Ekspert əlavə edir ki, əgər təyinat üzrə tikinti işləri aparılarsa, bu mümkün ola bilər.

 

“Çünki mövcud torpaq sahələrinin böyük hissəsinin sənədi kənd təsərrüfatı təyinatlı və ya qeyri-yaşayışlı dövlət torpaqları və digər dövlət torpaqlarıdır”.

 

İqtisadçı ekspert Elman Sadıqov isə açıqlamasında son zamanlarda evlərin, xüsusilə, həyət evlərinin qiymətlərinin artması ilə bağlı məsələlərin gündəmdə olduğunu qeyd edir.

 

“Bütün dünyada daşınmaz əmlak qiymətləri artıb. Bunun isə 2 əsas səbəbi var. İlk olaraq, hər il tələbat artır və bununla yanaşı, əhalinin gəliri də artır. Digər əsas səbəb isə, valyutaların inflyasiyanın təsirinə məruz qalmasıdır. Məsələn, dünyada ən stabil valyuta hesab olunan dollar belə hədəflənən 2%-lik inflyasiya həddindən daha çox inflyasiyaya məruz qaldı. Yəni, bu 2 səbəb bütün dünyada daşınmaz əmlak qiymətinin artmasını labüd edir”.

 

Ekspertin sözlərinə görə, ölkəmizdə də bu proses gedir və qiymət artımı nisbətən daha yüksəkdir.

 

“Təbii ki, manatın yüksək inflyasiyaya məruz qalması bunun ilk səbəbidir. Digər səbəb isə tələbin artmasıdır. Növbəti səbəb isə budur ki, əhalinin əlində olan vəsaitləri dəyərləndirməsi üçün alternativ imkanları yoxdur. Məsələn, ölkəmizdə investisiya üçün şərait, cəlbedici yerli səhmlər mövcud deyil. Dövlətin qiymətli kağızlarının 2-ci əl bazarı və ya əhali üçün əlçatanlılığı yüksək səviyyədə deyil. Yəni, əhali öz vəsaitlərini daşınmaz əmlakın alınmasına yönəldir. Daha çox qazanc əldə edilə biləcək daşınmaz əmlak isə mənzillər, torpaq sahələri, həyət evləri, hesab olunur. Məsələn, biznes sektorunda daşınmaz əmlak o qədər cəlbedici deyil".

 

Müsahib torpaq sahələrinin qiymətlərində də ciddi artımların gözlənildiyini əlavə edir.

 

"Torpaq sahəsi amortzasiyaya məruz qalmır. Qiymətinin düşmə ehtimalı çox aşağıdır, köhnəlmir, torpağa hər zaman tələbat var. Torpaq sahəsinə və həyət evlərinə tələbatın artmasının bir başqa səbəbi isə qardaş ölkə Türkiyədə baş verən zəlzələdən sonra əhalinin psixoloji olaraq daha güvənli olduğu üçün həyət evlərinə üstünlük verməsidir. Bütün bu amillərin nəticəsində daşınmaz əmlakın, mənzillərin, torpaq sahələrinin, həyət evlərinin qiymətlərinin artması zəruri idi”.

 

Elman Sadıqov düşünür ki,bu qiymət artımı bir müddət də davam edəcək.

 

"Nəzərə alsaq ki, inflyasiya hələ də davam edir. Daşınmaz əmlak pulun alıcılığının, vəsaitlərin qorunması üçün güvənli vasitə hesab olunur".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər