00:00:00
Yazar
Ayan Sadi
22.10.2026 23:34 19 2 dəq oxuma
İdman

“Fənərbağça”nın növbəti mərhələ şanslarını çətinləşir

“Fənərbağça”nın növbəti mərhələ şanslarını çətinləşir

Çempionlar Liqasında “Fənərbağça”nın Çexiya klubu ilə ev oyununda heç-heçə etməsi komandanın turnirdəki mövqeyi və növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı suallar yaradıb. Qarşıdakı oyunlarda əldə olunacaq nəticələr İstanbul təmsilçisinin turnirdəki taleyinin müəyyənləşməsində mühüm rol oynayacaq.

 

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, “Fənərbağça”nın “Slaviya Praqa” ilə oyunda xal itirməsi gözlənilməz oldu. Komanda qarşılaşmaya yaxşı başlayaraq oyunun əvvəlində iki top fərqi ilə önə keçmişdi. Lakin yaxşı oyun nümayiş etdirməsinə baxmayaraq, üstünlüyünü qoruya bilmədi.

 

 

“Bu problem “Fənərbağça”da daha çox görünür. Komanda çox rahatlaşdı, rəqibinə yuxarıdan aşağı baxmağa başladı və qələbənin təmin olunduğunu düşündü. Çempionlar Liqası elə bir turnirdir ki, burada bir an belə rəqibə yuxarıdan aşağı baxmaq, rahatlaşmaq olmaz. Belə olduqda istər-istəməz rəqib səni cəzalandırır. Düzdür, Azərbaycan çempionu “Sabah” bir tur əvvəl həmin komandanı 2:0 hesabı ilə məğlub etmişdi. Amma görünürdü ki, “Slaviya” elə də asan rəqib deyil. “Fənərbağça” da hesab 2:0 olduqdan sonra qalib gələcəyini düşündü və bunun bədəlini ödədi”. 

 

 

Kənan Məstəliyevin sözlərinə görə, “Fənərbağça”nın əsas problemi baş məşqçidir, çünki onun komanda üzərində artıq heç bir nüfuzu qalmayıb. İsmail Kartal hazırda “Fənərbağça”nı idarə etməkdə çətinlik çəkir. Hətta heyət dəyişiklikləri etsə də, bu çətinlik davam edir.

 

 

“Ümumiyyətlə, onun “Fənərbağça” kimi bir komandanın başında olması böyük təəccüb doğurur. Çünki o, iki tur əvvəl Roma ilə oyundan sonra rəsmi şəkildə istefa vermişdi, lakin onu yenidən geri qaytardılar. Artıq görünür ki, İsmail Kartalla bu işlər getməyəcək və əməkdaşlıq davam etməyəcək. Buna baxmayaraq, “Fənərbağça” qarşıdakı matçlarda xal toplayaraq növbəti mərhələyə yüksələ bilər. Çünki rəqiblər arasında LASK, “Vilyarreal” və digər normal komandalar var ki, İstanbul təmsilçisi onlarla oyunlarda xal qazana bilər”. 

 

 

İdman eksperti qeyd edir ki, “Fənərbağça” qarşıdakı oyunlarda xal qazana bilər. Sadəcə, “Slaviya Praqa” ilə oyunda iki top fərqi ilə irəlidə olduğu halda hesabı qoruya bilməyən komandanın növbəti matçlardakı perspektivi barədə birmənalı fikir bildirmək çətindir. Heyətinin gücünü və dəyərini nəzərə alsaq, “Fənərbağça” “Slaviya Praqa”nı, hətta “Roma”nı da məğlub etməli idi. 

 

 

“Komanda qarşıdakı matçlarda yetərincə xal toplaya bilər. Lakin qeyri-sabitlik və oyun sisteminin hələ də formalaşmaması bu prosesə mənfi təsir göstərir. Növbəti mərhələyə yüksəlməklə bağlı dəqiq proqnoz vermək çətindir. Lakin “Fənərbağça”nın ilk 24-lüyə düşməsinə ciddi maneə görünmür. Komanda iki-üç qələbə qazanmaqla bu məqsədinə çata bilər”. 

 

 

Aynur Əhmədli

#baki #çətinləşir #“fənərbağça”nın #mərhələ #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər