Fərdi evdə işləyən ustanın təhlükəsizliyinə kim cavabdehdir?
Xətai rayonunda fərdi evin damında işləyən 68 yaşlı usta Fəxrəddin Hacıyevi elektrik cərəyanı vuraraq öldürüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Bəs fərdi evdə işləyən ustanın təhlükəsizliyinə kim cavabdehdir? Belə hallarda məsuliyyət ev sahibinin, yoxsa ustanın üzərinə düşür?
Mövzu ilə bağlı hüquqşünas Yeganə Əliyeva bildirib ki, fərdi evlərdə təmir və tikinti işlərinin görülməsi, bir qayda olaraq, mülki müqavilə və ya xidmət münasibətləri çərçivəsində qiymətləndirilir.
Onun sözlərinə görə, ev sahibi ilə usta arasında əmək münasibəti olmadıqda, əmək qanunvericiliyinin əməyin təhlükəsizliyi ilə bağlı normaları birbaşa həmin münasibətlərə şamil edilmir:
“Ustaların fərdi evlərin tikintisi və təmirində işləməsi mülki müqavilə münasibəti, xidmət münasibəti kimi qiymətləndirilir. Bu baxımdan ev sahibi ilə usta arasında əmək münasibəti mövcud olmadığı üçün əmək qanunvericiliyinin əməyin təhlükəsizliyinə dair normaları bu münasibətə şamil olunmur. Təcrübədə çox vaxt bu münasibətlər müqavilə ilə rəsmiləşdirilmədiyi üçün bədbəxt hadisə zamanı məsuliyyət hər tərəfin öz təqsirinə uyğun müəyyənləşdirilir”.
Tikinti təhlükəsizliyi üzrə mütəxəssislər isə bildirirlər ki, elektrik xətlərinin yaxınlığında və hündürlükdə iş aparılarkən təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməlidir. İşə başlamazdan əvvəl ərazidə elektrik xətlərinin olub-olmaması, onların məsafəsi və texniki vəziyyəti yoxlanılmalı, uyğun fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.
Belə hadisələr zamanı məsuliyyətin kimə aid olması isə yalnız hadisənin konkret səbəbləri, görülən işin şərtləri və tərəflərin təqsiri müəyyənləşdirildikdən sonra hüquqi qiymətləndirmə əsasında müəyyən edilir.
Mütəxəssislər vətəndaşlara fərdi evlərdə təmir və tikinti işləri üçün usta seçərkən onun peşəkarlığına və təhlükəsizlik qaydalarına əməl etməsinə diqqət yetirməyi, mümkün hallarda münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməyi tövsiyə edirlər.
Elmira Ağayeva, Röyal Əsədov, Emin Yaşaroğlu, AZTV Xəbər