“FÜYUZAT”ÇI NİGAR XANIM
Görkəmli füyuzatçı Abdulla Şaiqin “Azəri türklərinin milli haqlarının aynası” adlandırdığı “Füyuzat” jurnalının ilk səhifəsində onun yazarlarının fotoları verilib. Bu fotoların arasında bircə xanım yazarın “Nigar xanım” adlı bir qadının fotosu var. Və bu foto diqqətimi cəlb etdi.
Kim idi bu Nigar xanım? Elə onun kimliyi haqqında məlumatı da “Füyuzat” dan öyrəndim. Jurnal “Türk şeri və türk şairləri sizin mövcudiyyəti-şairanənizlə iftixar edərlər”,-deyə onu oxucularına belə təqdim edirdi.
“Avstriya və Macarıstan ixtilalı əsnasında Macarıstanın istiqlalı uğrunda mücahidə edənlərdən olub, vətəndaşlarının məğlubiyyətindən sonra Avstriyaya təslim olunmamaq üçün İstanbula hicrətlə ehtida edən macarlı Osman paşanın kəriməsidir”. Osman paşa hərbi məktəb müəllimi olub. Məşhur Macarıstan əsilzadələrindən “Farkas” ailəsinə mənsub olan Osman paşanın adı dini-İslamı qəbul etməzdən əvvəl “Sandor Farkaş” imiş... Günlərin birində Osman paşa İslamı qəbul edərək Əminə xanımla evlənib.
Türk ədəbi aləmində hörmət və izzətlə tanınan şairələrdən olmuş Nigar xanımın anası Fuad paşanın möhürdarı Nuri əfəndinin qızı Əminə xanım da xanım-xatınlığı ilə İstanbulda sevilib-seçilən xanımlardan olub. Nigar xanım da 1866-cı ildə bu gözəl türk ailəsində dünyaya gəlib. Nigar ilk təhsilini anası Əminə xanımdan alıb. “Validəsi şairə degil, imiç isə də hafizeyi-əşar imiş”. Deməli elmdən, təhsildən hali olan Əminə xanım qızını daha mükəmməl oxutmaq üçün ona türk, fransız və alman dillərində təhsil almağa yardımçı olur, daha sonra isə qızına musiqi təhsili almaqda da köməklik edir.
Çox erkən ailə quran Nigar xanım yüksək tərbiyə və təhsil alan Ehsan bəy adlı bir İstanbullu gənclə izdivaca girəndə cəmi 11 yaşı var imiş. Bu izdivacdan Munir, Firidun və Kərimət adlı üç oğlan uşağı dünyaya gəlir. Hər üçü “Məktəbi-Sultaniə”də ilk təhsil aldıqdan sonra mükəmməl təlim və tərbiyə üçün təhsillərini davam etdirərək Firidun bəy hüquq təhsilinə sahib olur, Munir bəy və Kərimət bəy “Məktəbi-Sultaniy”də fransız müəllimi işləyirlər.
Tale bir tərəfdən Nigar xanımın üzünə gülürsə də, digər tərəfdən onu ağladır. Çox tez sevimli ömür-gün yoldaşı Ehsan bəyi itirir. Elə həmin gündən qəmli-qüssəli şeirlər yazmağa başlayır. “...Yeganə bəradərlərinin qəzaən tərki-həyat etməsi üzərinə birinci şerləri uzun bir mərsiyə olmuş, bir ailə müəzzəz bir vücud qayib etmiş...”.
Nigar xanım türk musiqisini, ədəbiyyatını “milli bir hissilə tələqqi edərdi” ki, bunu da şeiriyyətində bəyan edərdi. Məşhur türk bəstəkarları tərəfindən onun şeirlərinə musiqilər bəstələnərdi. Heç zaman İstanbulu tərk etməyən şairə xanım onu canı qədər sevərdi. “Vətənim, məsqəti-rəsmi olan İstanbulu pək sevərəm. Ayrılmaq istəməm. Bu günə qədər İstanbuldan uzaqlara getmədim. Hasili, vətənim vətəni, türk dili, annəm türk qızı olduğu, kəndim də türkiyədə doğub, türkiyədə böyüdüm üçün türklük ilə daha ziyadə iftixar edərəm. Bən bir türkəm! Bən müsliməyəm! Zatən, əslimiz bir degilmi? Əqvami-turaniyyədən bulunan macarların dəxi əsasən türk olduqları tarixcə müsəbbət degilmidir?”-söyləyən Nigar xanım şeirlərində də dönə-dönə bu fikirləri vurğulayırdı.
Bu xanımın yaradıcılığına və sədaqətinə İsmayıl bəy Qaspiralının “Tərcüman”ı da biganə qalmayıb. Orada onun şerləri çap edilib özü haqqında yazılar verilib.Hələ o zaman dünya şöhrətli “Məşhur xatunlar” adlı kitabda da Nigar xanımın tərcümeyi-halı verilib.
Nigar xanımın şirlərini oxuyanda hiss olunur ki, Tanrının onun üçün bəxş etdiyi hər şeyə xoş münasibətlə yanaşan xanım
Çırpınma, kəs bu nalişi, layiq sana sükut...
Əvvəl sükut, sonra yenə daima sükut...
-söyləməklə Tanrı qismətilə barışmağına işarə edirdi. “Nigar Osman” imzası ilə şeirlərini yazan şairə “Füyuzat”da oxucularının görüşünə ilk olaraq “Çırpınma” (25 may 1907) adlı şeirilə gəlib.
“Kaspi” qəzeti, 12 fevral 2015
BDU-nun professoru Qərənfil Dünyaminqızı
