FÜZULİ HƏSRƏTİ BİTDİ
Füzuli 30 ildən sonra ilk dəfə öz sahiblərinə qucaq açıb. 23 ailə illər əvvəl tərk etməli olduğu, işğaldan sonra bərpa edilən dogma evlərinin qapılarını yenidən açıb.
Füzuli sakini Sürəyya Abbasova 5 nəfərlik ailəsi çıxdığı vətəninə 7 nəvəsi ilə qayıdır. “Şükür, elimizə-obamıza qayıdırıq. Mən bu gecə yatmamışam, nə nəvəm yatıb, nə mən yatmışam ki, nənə birdən yatıb qalarıq. Füzuliyə gedə bilmərik, bax o qədər sevincliyik”.
Gülmira Cəfərova isə Füzulidən 12 yaşında çıxıb. İndi 43 yaşı var. “Ordan atam, anamla çıxmışdım. Çox təəssüflər olsun ki, onları vaxtsız itirdim. İndi yoldaşım, oğlum qızım və mən qayıdıram”.
Füzuli həsrəti ilə yaşayanlar isə bu sevinci yaşayacaqları günü gözləyirlər. Ailəcə səbirsizliklə bu günü gözləyən Fəridə Əsədzadə deyir ki, bu gün çox duyğusaldır, fikirlərini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Nəhayət, 30 ildən sonra həmvətənləri öz doğma yurd-yuvalarına qayıdır. Ailəcə bu ana şahid olduqlarına hədsiz dərəcədə sevinən Fəridənin sözlərinə görə, doğma yurdlarından uşaq səsləri gələcəyi, evlərdə işıqların yanacağına düşüncəsi belə onu duyğulandırır. "Bizim ailədən hər kəs - nənəm, babam, atam, yaxınlarım, doğmalarım, bu günü gözləyirdik. Bir qarabağlı olaraq, bu sevinc hissini yaşamaq bizim üçün xoşdur. Qısa müddətdə bir çox ailəyə bu sevinc hissini yaşamağı diləyirəm".
Bu sevinci bizimlə bölüşənlərdən biri də gənc müsahibimiz Fərid Kərimlidir. Fərid deyir ki, ən böyük arzularından biri həmin əraziləri gəzmək, evləri, məhəllələri ziyarət etmək, öz vətəninin havasını içinə çəkməkdir. Ailəsində ən çox bunu istəyənin məhz anası olduğunu, onun "ölmədən bir dəfə o torpaqları görsəm, dərdim qalmazdı" cümləsini gözləri dolaraq dilə gətirir Fərid. "Heç vaxt unuda bilməyəciyim bir andır, həmin an. O an ki, anamın sevinc gözyaşları, həyəcan içərisində axırdı".
Qeyd edək ki, bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi olmaqla 2.000-ə yaxın insan daimi məskunlaşdırılıb.
ÇİNARƏ MURADOVA
