Füzuliyə qayıdış davam edir
Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu dəfə 73 nəfərdən ibarət 25 ailə doğma yurduna yola salınıb. Beləliklə, Füzulidə daimi məskunlaşan şəxslərin sayı 510-nu ötüb.
Füzuli sakini Aynurə Abbasova hisslərini belə ifadə edib: “Bu gün Füzulimizə gedirik. Çox sevincliyik, 30 illik ayrılığa indi son qoyulur. Mən iki övladımla gedirəm - gələcəyin 2 əsgəri. Ordan çıxanda 8-ci sinifin yarısından çıxmışam. Uşaqlarımın 1-i 5-də, 1-i 6-da oxuyur. Amma ona görə kövrəlirəm ki, ordan çıxanda anamla gəlmişdik, indi anasız gedirik”.
Aynurə Abbasova kimi, illər əvvəl didərgin düşdüyü yurd - yuvasında yaşamaq arzusunda olan daha 73 nəfər doğma torpaqlarına- Füzuliyə yola salınıb. Onlar vaxtilə yaşadıqları, azad olunduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. İllər əvvəl azyaşlı körpəsi ilə evindən-eşiyindən qaçqın düşərkən Xalidə Camalovanın 30 yaşı olub. İndi o, 60 yaşını Füzulidə qeyd etməyi planlaşdırır: “Füzuli rayonunun özündənik. Şükür edirik ki, bu gün biz qayıdırıq. Ürəyimizdəki çox arzularımız yerinə yetdi. 60 illiyimi keçirəcəm orda. Min şükür ki, bu günü gedib orda qarşılayıram. Mən 3 oğlumla çıxmışdım, indi 4 uşaq 12 nəvəylə qayıdıram”.
Üç ildir azad olunmasına baxmayaraq, artıq Füzulidə böyük quruculuq və bərpa işləri görülüb, şəhər yenidən inşa olunur. Füzuli sakinlərinin öz yurdlarında işlə təmini, onların təhlükəsizliyi və rifahı üçün də bütün addımlar atılmaqdadır. Artıq şəhərdə 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.
Fidan
