00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
30.10.2026 21:03 193 2 dəq oxuma
Siyasət

“Fars": İran Vensin məktubuna cavab verməyib

“Fars": İran Vensin məktubuna cavab verməyib

 

İranın ABŞ ilə danışıqlarda sərt mövqeyini qoruması Venesuela ilə strateji müttəfiqliyinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır, lakin gələcəkdə Tehranın Vaşinqtonla mümkün razılaşması Karakasda narahatlıq yarada bilər.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan qeyd edib ki, İranın ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sülh danışıqlarını bərpa etmək təklifini ehtiva edən məktubuna cavab verməməsi rəsmi Tehranın Vaşinqtonla münasibətlərdə özünün 7 əsas şərtindən geri addım atmamaq və sərt mövqe nümayiş etdirmək strategiyasından xəbər verir:


“Bu qətiyyətli mövqe İranın strateji müttəfiqi olan Venesuela ilə münasibətlərinə həm müsbət, həm də müəyyən diplomatik balans baxımından fərqli təsirlər göstərə bilər. Həm İran, həm də Venesuela ABŞ-nin sanksiyalarından və hərbi təzyiqlərindən əziyyət çəkən ölkələrdir. İranın ABŞ-nin kompromis və ya danışıqlar təklifinə məhəl qoymaması Karakas tərəfindən Tehranın “imperializmə qarşı sarsılmaz duruşu” kimi qiymətləndirilə bilər. İranın Vaşinqtonla birtərəfli sövdələşmələrə getməməsi Venesuela rəhbərliyinə mesaj verir ki, Tehran sanksiyalardan yayınmaq üçün öz müttəfiqlərini arxa plana keçirmir və geosiyasi xəttinə sadiq qalır.

 

İki ölkə arasında yaxın vaxtlarda diplomatik gərginlik yaşanmışdı. İranın xarici işlər naziri Abbas Araqçinin “İran ABŞ ilə danışıqlarda Venesuela deyil” ifadəsinə görə Karakas İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası vermişdi. İranın Vensin məktubuna cavab verməyərək öz müstəqil və sərt şərtlərində israr etməsi onun Karakasdan fərqli və daha çətin diplomatik çəkiyə malik olduğunu nümayiş etdirmək istəyi ilə üst-üstə düşür. Venesuela hər zaman İranın ABŞ ilə pərdəarxası razılığa gəlmək ehtimalını diqqətlə izləyir. Məktubun mövcudluğu və ona rəsmi cavab verilməməsi faktı Tehranın hələ də ABŞ ilə birbaşa təmas kanalında olduğunu göstərir”.

 

Tural İrfanın sözlərinə görə, əgər gələcəkdə bu təmaslar real danışıqlara çevrilərsə, Karakas Tehranın regional maraqları öz maraqlarından üstün tutmasından ehtiyat edə bilər:

 

"İki ölkə arasındakı illik ticarət dövriyyəsi milyardlarla dollar səviyyəsindədir və əsasən neft sahəsində sanksiyalardan yayınma mexanizmlərinə və hərbi-texniki əməkdaşlığa əsaslanır. İranın ABŞ ilə sülh prosesinə girməməsi bu sanksiyalardan yayınma koalisiyasının və hərbi ittifaqın mövcud formatda dəyişmədən davam edəcəyini göstərir".

 

Nurgün Qənizadə

#yeni #gündəm #cavab #məktubuna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər