00:00:00
Yazar
Səadət Əlizadə
02.10.2026 21:22 19 2 dəq oxuma
Sosial

FHN-dən elektrik avtomobilləri ilə bağlı XƏBƏRDARLIQ: Yanğın riskinə diqqət!

FHN-dən elektrik avtomobilləri ilə bağlı XƏBƏRDARLIQ: Yanğın riskinə diqqət!

Azərbaycanda elektrik avtomobillərinin sayının artması ilə onların doldurma qurğularından istifadə də genişlənir. FHN bildirir ki, qurğuların düzgün quraşdırılmaması və təhlükəsizlik qaydalarına əməl edilməməsi qısaqapanma, yanğın və digər təhlükəli hallara səbəb ola bilər. Nazirlik sürücüləri və qurğuların quraşdırılması ilə məşğul olan şəxsləri təhlükəsizlik tələblərinə ciddi riayət etməyə çağırıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən FHN-in Mətbuatla İş Sektoru bildirib ki, elektrik avtomobillərinin istifadəsinin artması ilə onların doldurma qurğularının təhlükəsiz quraşdırılması və düzgün istifadəsi də xüsusi əhəmiyyət daşıyır:

 

"Elektrik doldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsi yanğın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlaka zərər dəyməsinə səbəb ola bilər. Bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yanğınların baş verməsinə və ağır fəsadlara gətirib çıxara bilər".

 

 

Əlavə olaraq bildirilib ki, xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan kortəbii şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadə edilməsi, kabellərin düzgün çəkilməməsi, eləcə də yanğın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yanğın riskini əhəmiyyətli dərəcədə artırır:

 

 

"Habelə, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnən kabel və avadanlıqlardan istifadə olunması, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yanğın təhlükəsini yaradır".

 

Qurumun verdiyi açıqlamaya görə, zədələnən kabel və nasaz avadanlıqlardan istifadə etmək təhlükəlidir və belə hallar vaxtında aradan qaldırılmalıdır:


"Sürücülər diqqət edməlidirlər ki, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrik doldurma qurğusundan istifadə təhlükəlidir. Həmçinin, izolyasiyası pozulmuş, ucları açıq cərəyankeçiriciləri olan kabellərdən istifadə etmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir".

 

Sonda vurğulanıb ki, xüsusilə yeraltı avtodayanacaqlarda elektrik doldurma qurğularının quraşdırılması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır:

 

"Elektrik doldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslər müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir.
Belə ki, elektrik doldurma qurğuları mütləq olaraq
“Elektrik qurğularının quraşdırılması Qaydaları”na və enerji təchizatı müəssisəsinin  təsdiq etdiyi texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır".

 

Fatimə İbrahimova

#avtomobilləri #xəbər #azərbaycan #gündəm #elektrik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər