FIFA-da 2026-cı il DÇ rekord mükafat fondu
"FIFA-nın 2026-cı il rekord mükafat fondunun artırmasının səbəbi Dünya Çempionatına marağın artmasıdır".
Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, əslində buna qədərki Dünya Çempionatının mükafat fondu da az olmayıb:
"Amma yarışın üç ölkədə keçirilməsi, xüsusilə də təşkilatçılar içərisində Amerika Birləşmiş Ştatlarının da olması böyük əhəmiyyət daşıyır. Çünki bu ölkədə futbol heç də birinci idman növü deyil. Orada basketbola, beyzbola, xokkeyə və digər idman növlərinə daha çox maraq var. Məqsəd ilk növbədə məhz bu ölkədə, Kanadada Dünya Çempionatına olan marağı artırmaqdır. Hazırda ümumilikdə, dünya futbolunda milli komandaların futboluna maraq çox azalıb. Çünki klub futbolu ön plana keçib. İnsanların milli komandaların oyunlarını izləmək həvəsi azalıb. Ancaq çox böyük turnirlər olandan olana izləyirlər. Hətta dünya çempionatı da belə...".
Müsahibimizin sözlərinə görə, ikinci səbəb isə budur, bu baxımdan çox zəif təsir bağışlayır. Ən azından ilkin baxış belədir:
"Ona görə də FİFA hansısa tədbirləri həyata keçirməyə çalışıb. Onda bir məbləğin artırılması ilə milli komandada iştirak edən futbolçuların motivasiyası da artacaq. Çünki onların əsas gəlir mənbəyi, klublardan olduğundan özlərini milli komandada çox yormamağa çalışırlar və zədələrdən, hər hansı problemlərdən qaçmağa can atırlar. Məbləğ böyük olduqda onlar da ən azından maliyyə qarşılığında çox daha yaxşı oynamağa, güclü performans nümayiş etdirməyə çalışacaqlar. Bu da mütləq şəkildə yarışın turnirin baxımlılığını artıracaq. Eyni zamanda həm tamaşaçı marağı, həm də reklam gəlirlərinin artmasına səbəb olacaq. Ona görə də düşünürəm ki, FİFA bu addımı atmaqla həm də praktiki addımlar atır. Yəni milli komandaların futbolunu xilas etmək üçün maliyyə xərclənməlidir. Hətta bu addımı atmaq məcburi idi.
Əsas məsələ dünyanın ən güclü komandalarından getmir. Burada Dünya Çempionatında ilk dəfə iştirak edəcək komandaların motivasiyasının artırılması, bu komandaların təmsil etdikləri ölkədə futbola marağın artırılması, eyni zamanda o komandaların yarışda daha ciddi mərhələlərə gəlib çıxmasını stimullaşdırmaq məqsədi daşıyır. Bu da qeyd etdiyim kimi, turnirə olan marağı bir xeyli artırır".
Zəhra Möhübbətova
