"FİFA Series-2026" Azərbaycanda!
Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi rəsmən açıqlanıb. Azərbaycan millisinin Syerra-Leone, Oman və Sent Lusiya ilə birlikdə iştirak edəcəyi yarış martın 27-də start götürəcək. İlk oyunların qalibləri martın 30-da finalda üz-üzə gələcək, məğlub komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaq.
"Belə beynəlxalq yarışların Azərbaycanda təşkili ölkə futbolunun imicinə və inkişafına çox müsbət təsir göstərir. Elə AFFA bu cür turnirlərə qatılmağa can atır ki, bizim millimizin ölən imicini təzədən bərpa eləsin".
Bu sözləri idman şərhçisi Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, biz İspaniya və ya Almaniyadan oynamamağımızın səbəbi onların bizdən bir neçə baş böyük olmalarıdır:
"Biz Millətlər Liqasının "D" qrupunda mübarizə aparırıq və qarşımıza məqsəd qoymuşuq ki, o biri qrupa yüksələk. Azərbaycan futbolu görün nə vəziyyətə gəlib düşüb?! Ona görə də, biz oynayırıq ki, heç olmasa başımızı bir az dik tuta bilək, məğlub olmayaq. Görsünlər ki, biz burada nəsə göstərə bildik. Ayxan Abbasov yığma komandaya gənc futbolçuları cəlb etmək istəyir. Artıq bu cür turnirlərdə onlar oynayaraq kollektiv bir oyun dəst xətti tapa bilərlər. Bu, bizim futbolumuzun inkişafına təsir göstərə bilər. Turnir millinin oyun üslubunun formalaşmasına real töhfə verəcək. Qarşıda Millətlər Liqasının başlamasına qədərki böyük bir fasilə müddəti var. İndi axtarıb uyğun milli komandaları oynayaraq tapırlar. Bunlar isə yəqin ki, bizim maliyyə gücümüzə güc verən komandalardır. Dəvət edirlər ki, oynasınlar, həm oyun dəst xəttini tapsınlar, həm də o üslub formalaşsın ki, çıxıb Millətlər Liqasında Azərbaycanı təqdim edə bilsinlər. Arzu edirəm ki, Azərbaycan millisi məhz finalda oynasın və turnirin qalibi olsun. Ən azından bugünkü vəziyyətinə uyğun olaraq...".
Zəhra Möhübbətova
