FIFA yeni texnologiyanı sınaqdan keçirir
“Out of Bounds” və “Real-time 3D Recreation” adlanan bu yeniliklər artıq beynəlxalq turnirdə test olunub və futbol ictimaiyyətində maraq doğurub.
“Futbolda sözügedən bu yenilikdə məqsəd daha çox vizual effekt və ondan istifadəni təkmilləşdirməkdir”.
Bu sözləri idman jurnalisti-şərhçi Rövşən Binnətli “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, bununla qol epizodunda topun xətti tam keçib-keçmədiyini, qayda pozuntusunun harada - cərimə meydançasında, yoxsa kənarda - baş verməsini, əllə oyunun olub-olmamasını və s. daha dəqiq müəyyənləşdirməyə imkan yaranacaq:
“Hazırda “Goal-line” texnologiyası tətbiq olunur və uğurlu sayılacaq səviyyədədir. Bu yeniliklə isə dəqiqlik bir qədər də artacaq. Yeni 3D texnologiyası ilə oyun epizodunun real vaxtda 3D modeli yaradılacaq. Bunun üçün stadionda yerləşdirilmiş çoxsaylı kameralar vasitəsilə epizodun canlı 3D formatı təqdim olunacaq. İndilikdə VAR sistemində ofsayd yarıavtomatik tətbiqlə müəyyənləşdirilir. Yeni üsulla hakimlər üçün ən doğru baxış bucağı təqdim olunacaq ki, bununla da epizodla bağlı ən doğru qərar vermək mümkün olacaq. Çünki söhbət artıq millimetr dəqiqlikdən gedəcək. Bu sistemlər yaxın gələcəkdə milli çempionatlarda da tətbiq olunması isə təbiidir”.
Zəhra Möhübbətova
