Filizdən son məhsula: Azərbaycanın dağ-mədən sənayesində yeni hədəflər
Azərbaycanın qeyri-neft sektorunun inkişafında dağ-mədən sənayesi mühüm istiqamətlərdən birinə çevrilə bilər. Bu sahəyə yatırılan investisiyalar istehsal və ixrac potensialının genişlənməsi ilə yanaşı, regionlarda iqtisadi fəallığın artmasına da şərait yarada bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dağ-mədən sənayesinin inkişafı Azərbaycan iqtisadiyyatına ilk növbədə qeyri-neft sektorunun genişlənməsi baxımından təsir göstərə bilər:
“Hazırda təsdiqlənən 2027–2030-cu illər Dövlət
Proqramında bu sahəyə ümumilikdə 5,3 milyard manat investisiya ehtiyacı nəzərdə tutulur və proqramın sonunda sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması hədəflənir. Burada əsas məsələ təkcə filizin çıxarılması deyil, xammalın ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərli məhsula çevrilməsidir. “Filizçay” yatağında mis, sink və qurğuşunun emalı, “Daşkəsən” layihəsində ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı kimi layihələr Azərbaycanın ixrac strukturunda xammaldan emal olunmuş sənaye məhsullarına keçidi sürətləndirə bilər. Bu isə metallurgiya, maşınqayırma, tikinti materialları, logistika və digər əlaqəli sahələr üçün də yeni istehsal imkanları yarada bilər”.
Akif Nəsirili qeyd edib ki, sektorun genişlənməsi regionların iqtisadi fəallığına da təsir göstərə bilər:
“Mədən və emal müəssisələrinin yerləşdiyi rayonlarda yeni iş yerlərinin yaranması, yol, enerji və digər infrastrukturun inkişafı xidmət və kiçik biznes üçün əlavə tələbat formalaşdıra bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi bu prosesin regional inkişaf komponentini gücləndirə bilər.
Digər tərəfdən, dağ-mədən sənayesinin inkişafı avtomatik olaraq böyük iqtisadi səmərə demək deyil. Əsas nəticə yataqların nə qədər səmərəli istismar edilməsindən, istehsalın nə qədərinin ölkə daxilində emal olunmasından, investisiyaların geri dönüşündən və ekoloji tələblərin necə qorunmasından asılı olacaq”.
İqtisadçının sözlərinə görə, dövlət proqramında da xammaldan son məhsula qədər dəyər zəncirinin qurulması və yüksək əlavə dəyərli metal emalının genişləndirilməsi xüsusi məqsəd kimi müəyyənləşdirilib:
“Bu baxımdan dağ-mədən sənayesi Azərbaycan üçün sadəcə yeni ixrac mənbəyi deyil, sənayeləşməni dərinləşdirən və iqtisadiyyatın neft-qazdan kənar hissəsinin böyüməsinə xidmət edən istiqamətə çevrilə bilər. Lakin bunun iqtisadi təsirinin miqyası hasilatın həcmi qədər, yaradılan əlavə dəyərin ölkə daxilində saxlanılmasından asılı olacaq”.
Nurgün Qənizadə