Finlandiya-Rusiya sərhədində gərginlik artır: Helsinki təhlükəsizlik risklərindən narahatdır
Finlandiya Prezidenti Alexander Stubb ölkəsinin Rusiya ilə sərhədinin açılmasının əleyhinə olduğunu bildirib. O, yerli media qurumuna verdiyi müsahibədə Rusiyanın miqrant axınından təzyiq vasitəsi kimi istifadə etdiyini iddia edib.
Prezidentin sözlərinə görə, mövcud şəraitdə sərhədlərin açılması Finlandiyanın təhlükəsizlik maraqlarına uyğun deyil. O vurğulayıb ki, ölkə rəhbərliyi vəziyyəti diqqətlə izləyir və qərarlar milli təhlükəsizlik prinsiplərinə əsasən qəbul olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, NATO üzvləri arasında Finlandiya Rusiya ilə ən həssas münasibətlərə malik ölkələrdən biridir:
“Rusiyanın Polşaya, Pribaltika ölkələrinə və Finlandiyaya münasibəti, xüsusilə NATO-Rusiya münasibətləri kontekstində olduqca həssas məqamlar sayılır. Finlandiyanın Rusiya-Ukrayna müharibəsindən sonra NATO-ya qəbul olunması bu həssaslığı daha da artırıb. Çünki Rusiya Finlandiyanı tarixən öz təsir dairəsində görüb və onun neytral statusunu qəbul etsə də, NATO üzvlüyünü öz təhlükəsizliyinə təhdid hesab edir”.
“Bu gün Finlandiyanın NATO-ya daxil olması Rusiyanın həm imperiya ambisiyalarına ciddi zərbə vurub, həm də NATO-nun Rusiyaya ən yaxın nöqtələrindən birinin formalaşmasına səbəb olub. Bu səbəbdən həm NATO rəhbərliyi, həm də Finlandiya hökuməti sərhəd təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşır”, - deyə ekspert qeyd edib.
“Hazırkı mərhələdə NATO-Rusiya və Avropa-Rusiya münasibətlərinin gərgin olduğu bir vaxtda Finlandiyanın sərhədlərlə bağlı xüsusi rejimi qorumağa çalışması tam başadüşüləndir. Çünki açıq sərhədlər Finlandiyanın təhlükəsizliyi üçün müəyyən risklər yarada bilər. Finlandiyada Rusiyanın diasporu və tarixi əlaqələri nəzərə alınanda sərhədlərin ciddi nəzarətdə saxlanılması Helsinki üçün prinsipial məsələdir”.
Siyasi şərhçi bildirib ki, eyni zamanda, Pribaltika ölkələri ilə Rusiya arasında yaşanan gərginlik Finlandiyanı da riskli və həssas bölgəyə çevirir.
"Son dövrlərdə Baltik regionunda müşahidə olunan uçuş aparatları və təhlükəsizlik insidentləri Rusiyanın bölgə ilə bağlı müəyyən planlarının olması ehtimalını artırır. Bu isə Finlandiya hakimiyyətinin təhlükəsizlik məsələlərinə daha sərt yanaşmasına səbəb olur”.
Ekspertin fikrincə, Finlandiyanın sərhəd siyasətində sərt mövqe tutması təkcə daxili təhlükəsizliklə deyil, həm də Avropada formalaşan yeni geosiyasi vəziyyətlə bağlıdır. Rusiya ilə Qərb arasında münasibətlərin yaxın perspektivdə normallaşacağı gözlənilmədiyi üçün Helsinki təhlükəsizlik tədbirlərini daha da gücləndirməyə çalışır.
Finlandiyanın Rusiya ilə sərhəd məsələsində sərgilədiyi sərt mövqe Avropada təhlükəsizlik narahatlıqlarının artdığını bir daha göstərir. NATO üzvlüyündən sonra yeni geosiyasi reallıqla üzləşən Finlandiya milli təhlükəsizlik prioritetlərini ön plana çıxararaq Moskva ilə münasibətlərdə daha ehtiyatlı siyasət yürütməyə üstünlük verir.
Aişə Mustafayeva