"Fırçanın izi pikseli üstələyir" - Teleradio Akademiyasında ilhamverici görüş
Teleradio Akademiyasında bu dəfə söz texnologiya ilə yaradıcılığın sərhədində idi. Akademiyanın müdavimləri üçün təşkil olunan növbəti təlim sadəcə məlumat paylaşımı deyil, həm də düşüncə oyadan bir görüşə çevrildi.
Təlimçi Mürsəl Əliyev çıxışında müasir texnologiyaların media və incəsənətə təsirindən bəhs edərkən diqqətçəkən bir məqama toxundu: süni intellekt nə qədər sürətlə inkişaf etsə də, insan ruhunun yaratdığı əsərin dəyəri dəyişməz qalır.
Onun sözləri zalda xüsusi rezonans doğurdu:
"Bir rəssamın fırçasından çıxan əsər təkcə görüntü deyil, hissdir. Süni intellekt isə bunu təqlid edə bilər, amma yaşada bilməz".
Görüş çərçivəsində rəqəmsal marketinqin incəlikləri, süni intellektin jurnalistikada rolu və daim yenilənən media trendləri geniş müzakirə olundu. Təcrübəsini bölüşən Mürsəl Əliyev, təxminən on illik jurnalist fəaliyyətindən nümunələr gətirərək uğurun arxasında duran əsas amilləri vurğuladı: əzmkarlıq, davamlı inkişaf və geri çəkilməməyi bacarmaq.
O, həmçinin müasir dövrdə bloqerlik fəaliyyətinin gücündən danışdı. Müəyyən sahə üzrə ardıcıl və keyfiyyətli məzmun paylaşımının insanı həm ekspert kimi tanıtdığını, həm də gəlir imkanları yaratdığını da qeyd etdi.
Təlimdə TikTok və YouTube kimi platformaların yalnız əyləncə deyil, həm də təhsil və maarifləndirmə üçün güclü alətlər olduğu diqqətə çatdırıldı. Auditoriya toplamaq, izləyici ilə əlaqə qurmaq və kontent strategiyası kimi mövzular praktiki nümunələrlə izah edildi.
Müxtəlif ixtisaslardan olan iştirakçılar - jurnalistlər, filoloqlar, politoloqlar və mühəndislər öz hədəflərini bölüşərək fikir mübadiləsinə qoşuldular.
Sonda isə tədbir iştirakçıların maraqla qarşıladığı praktiki tövsiyələr və canlı sual-cavab sessiyası ilə tamamlandı. Hər kəs buradan yalnız məlumatla deyil, yeni ideyalar və motivasiya ilə ayrıldı.
Elsa Abdullayeva