00:00:00
Yazar
Elmira Ağayeva
06.10.2026 22:25 113 3 dəq oxuma
Gündəm

Flydubai köməkçi pilotu təyyarəni Təl-Əviv hava limanına çırpmağı planlaşdırıb

Flydubai köməkçi pilotu təyyarəni Təl-Əviv hava limanına çırpmağı planlaşdırıb

 

ABŞ və İsrail mənbələrinin yaydığı məlumatlara görə, Flydubai şirkətinin təyyarəsini qaçırmağa cəhd etməkdə ittiham olunan köməkçi pilot təyyarəni Təl-Əvivdəki Ben Qurion hava limanına və ya şəhərdəki hündürmərtəbəli binaya çırpmağı planlaşdırıb.

Məlumatlara görə, Oman vətəndaşı olan şəxs “təkbaşına hərəkət edən ekstremist” olub. Birləşmiş Ərəb Əmirliklərinin baş prokuroru bildirib ki, köməkçi pilot ötən çərşənbə günü Dubaydan Təl-Əvivə uçan FZ1073 reysində “terror aktı” həyata keçirməyə cəhd edib. O, kabinədə fövqəladə hallar üçün saxlanılan balta ilə kapitana hücum edərək onu yaralayıb və daha sonra sərnişinlər tərəfindən zərərsizləşdirilib.

Təyyarədə olan digər ekipaj üzvü isə təyyarəni Səudiyyə Ərəbistanında endirməyi bacarıb. İsrailin baş naziri bildirib ki, köməkçi pilot “islamçı radikal ideologiyanın təsiri altında olub” və kapitan, sərnişinlər və digər ekipaj üzvü “11 sentyabr hadisəsinə bənzər fəlakətin qarşısını alıblar”.

Bir neçə mənbənin Hamam əl-Həmmami kimi adlandırdığı Flydubai təyyarəsinin köməkçi pilotu ilə bağlı daha çox məlumat həftəsonu ortaya çıxıb. O, BƏƏ-də sorğu-sual olunmağa davam edib və İsrail nümayəndələrinə istintaqla bağlı məlumat verilib.

İsrail mediası araşdırmadan məlumatlı mənbələrə istinadən yazıb ki, köməkçi pilot kapitan Smit Maççar-a hücum etdikdən sonra təyyarəni idarə etməyə davam etməyi və İsrail hava məkanına daxil olaraq Ben Qurion hava limanına eniş icazəsi almağı planlaşdırdığını müstəntiqlərə deyib.

Məlumata görə, daha sonra o, 180-dən çox sərnişinin olduğu Boeing 737 MAX təyyarəsini “Əl-Qaidə”nin 2001-ci il 11 sentyabrda ABŞ-da törətdiyi hücumlara bənzər şəkildə hava limanına və ya Təl-Əvivin mərkəzindəki hündürmərtəbəli binaya çırpmağı planlaşdırıb. Mənbələrin sözlərinə görə, onun radikal təşkilatın və ya xarici hökumətin adından deyil, böyük ehtimalla təkbaşına hərəkət etdiyi düşünülür.

Köməkçi pilotun daha əvvəl Təl-Əvivə uçan başqa bir reysi qaçıraraq qəzaya uğratmaq niyyətində olduğu, lakin təyyarədə tanıdığı bir şəxsin olduğunu bildiyi üçün bu fikrindən daşındığı da bildirilir.

BƏƏ və İsrail rəsmiləri isə bu məlumatlarla bağlı dərhal açıqlama verməyiblər. BƏƏ-nin baş prokuroru Həməd əl-Şəmsi bildirib ki, ölkəsində aparılan araşdırma hadisənin bütün hallarını, motivlərini və mümkün əlaqələri müəyyənləşdirəcək. O, istintaq başa çatdıqdan sonra nəticələrin açıqlanacağını bildirib.

Hadisə ilə bağlı təyyarənin pilotunun Flydubai tərəfindən necə işə götürüldüyü və İsrailə uçan sərnişinlərlə dolu təyyarəni idarə etmək üçün necə icazə aldığı barədə ciddi təhlükəsizlik boşluqları ilə bağlı suallar da yaranıb.

Regional rəsmilərin sözlərinə görə, köməkçi pilot ekstremist baxışları ilə bağlı narahatlıqlar səbəbindən Omanın milli aviaşirkəti Oman Air tərəfindən uçuşlardan uzaqlaşdırılıb və inzibati vəzifəyə keçirilib. Daha sonra isə o, BƏƏ-də yerləşən Flydubai şirkətində işə götürülüb.

Bildirilir ki, o, standart təhlükəsizlik yoxlamalarından keçib, lakin bu yoxlamalar onun radikallaşma əlamətlərinin olub-olmadığını müəyyən etmək üçün keçmişinin araşdırılmasını əhatə etməyib.

İsrailin aviasiya qaydalarına əsasən, İsraillə rəsmi diplomatik münasibətləri olmayan ölkələrin, o cümlədən Oman vətəndaşlarının İsrailə uçuş həyata keçirən pilot kimi fəaliyyət göstərməsinə icazə verilmir.

Regional rəsmilər Associated Press agentliyinə bildiriblər ki, BƏƏ rəsmiləri FZ1073 reysinin yola düşməsindən əvvəl sərnişin və ekipaj üzvlərinin siyahısını İsrailə təqdim edib.

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet bildirib ki, xarici aviaşirkətlər tərəfindən təqdim olunan bu siyahıların yoxlanılması Nəqliyyat Nazirliyinin məsuliyyətindədir. Lakin İsrailin nəqliyyat naziri Miri Regev bildirib ki, onun rəhbərlik etdiyi nazirliyə sərnişin və ekipaj siyahıları təqdim edilməyib.

O qeyd edib ki, xarici aviaşirkətlərin həyata keçirdiyi uçuşlara təhlükəsizlik nəzarəti Şin Bet və xarici kəşfiyyat xidməti Mossadın səlahiyyətindədir.

İsrailin Baş naziri Benyamin Netanyahu Milli Təhlükəsizlik Şurasının rəhbərinə “xarici mülki aviasiya ilə bağlı bütün təhlükəsizlik məsələlərini” nəzərdən keçirməyi tapşırıb.

Avstraliya rəsmiləri də köməkçi pilotun bu ölkə ilə əlaqələrini araşdırır. Yerli mediaya danışan mənbələr onun 2015–2017-ci illər arasında Avstraliyada təhsil aldığını bildiriblər.

BBC News

Gülnar Mustafayeva

#köməkçi #planlaşdırıb #təl-əviv #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər