“Fənərbağça” ulduz futbolçu ilə müqavilə imzalayıb
Türkiyənin “Fənərbağça” komandası PSJ-nin futbolçusu Marko Asensionu transfer edib.
29 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Mövzu ilə bağlı idman jurnalisti Elçin Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, yeni mövsümdə hədəf çempionluqdur:
“Ümumiyyətlə, Ali Koç kluba başçı təyin edildikdən sonrakı müddətdə qarşıya çempionluq hədəfi qoyulub. “Fənərbağça” kimi klubların hədəfi hər zaman çempionluqdur. Amma son illərdə yüksək məbləğlərlə kluba alınan futbolçulara rəğmən çempionluq yarışında “Qalatasaray”dan çox geridə qalır. Məhz bu mövsüm də, təbii ki, hədəf yenidən çempionluğu qazanmaqdır. Məncə, Ali Koç üçün “Fənərbağça” adına ən önəmli detal çempionluqdur. Bilirsiniz ki, bu ay seçkilərin baş tutması planlaşdırılır. Məhz bu fonda da yeni mövsümdə hədəf çempionluqdur. Ona görə də, çox önəmli transferlər həyata keçirilir. “Fənərbağça”nın transfer etdiyi oyunçulara Mourinho qarşı çıxırdı. Məhz Mourinhoyla bu işin yürüməyəcəyi göründüyü üçün onunla yollar ayrılıb. Yeni edilən transferlərdən biri Marko Asensiodur. Çox önəmli transferdir. Xüsusilə topa sahib olma, oyunu idarə etmə, geri dönən topları qazanma, mərkəzdə, xüsusilə hücum fazasına yaxın oynamaqla mövqe seçimi çox önəmli profildir. Uzaqdan endirdiyi zərbələr, bəzi məqamlarda toplu və topsuz oyunlardakı iştirakı, düşünürəm ki, futbolçunun ən önəmli üstünlüklərindən biridir. Məncə, bu transfer “Fənərbağça”nın gücünə əlavə güc qatacaq”.
Lalə Qurbanlı
