Əfqan qaçqınlara icazə verilmir
Avropa ölkələri miqrant axını ilə başa çıxmaqda çətinlik çəkir.
İnformator.az “Euronews”a istinadən xəbər verir ki, şimaldakı varlı Avropa ölkələrinə çatmaq istəyən miqrantların üzünə qapılar bir-bir bağlanır.
Makedoniya sərhəd qonşusu Yunanıstandan gələlərin arasında yalnız pasportları olan İraq və Suriyalı miqrantların keçməsinə icazə verməyə başlayıb. Yüzlərlə əfqan miqrant iki ölkə arasında ortada qalıb: “Hər gün yüz ya da 200 suriyalı, iraqlı keçir. Onların bu sərhəddən keçməsinə icazə var, amma əfqanlara yoxdur”.
Əfqan qaçqınları geri qaytaran makedoniyalı rəsmilər köç yolunda bir sonrakı dayanacaq olan Serbiyanın sadəcə Suriya və İraqdan gələnləri qəbul etməsinə görə, belə bir qərar qəbul etdiyini açıqlayıb.
Türkiyədən Yunanıstana gedən, oradan da şimal və qərb istiqamətində irəliləməyə çalışan qaçqınlar Balkana yığılıb. Bir çox avropalı hökumət daxili müharibə və terrordan qaçan miqrantlara qarşı sərhəd nəzarətini gücləndirib.
Daha əvvəl İsveç, Danimarka və Avstriya müharibə olmayan torpaqlardan gələn miqrantları qəbul etməyəcəyini demişdi.
