Fransa İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyir
Fransa İrana qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qərarları dəstəklədiyini açıqlayıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris İranla bağlı qəbul edilən yeni sanksiya paketinin lehinə mövqe tutub. Bu qərar regional təhlükəsizliyin qorunması, Yaxın Şərqdə sabitliyin təmin olunması və İranın beynəlxalq hüquq normalarına əməl etməsi məqsədi daşıyır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı bildirib ki, Avropa İttifaqının İrana qarşı yeni sanksiyalar qəbul etməsi əslində mövcud siyasətin davamıdır və Tehran üçün köklü dəyişiklik vəd etmir:
“İran iqtisadiyyatı artıq uzun müddətdir ağır böhran vəziyyətindədir və əlavə sanksiyalar bu durumu daha da dərinləşdirə bilər, lakin ölkənin siyasi kursunda ciddi dönüş yaratmayacaq.İran rialının kəskin dəyərdən düşməsi, inflyasiyanın yüksək səviyyədə qalması və sosial problemlərin artması göstərir ki, sanksiya mexanizmi artıq maksimum həddə çatıb. Onun fikrincə, bu mərhələdə yeni məhdudiyyətlər İran hakimiyyətinin xarici siyasət davranışlarını dəyişmək gücündə deyil”.
Həşim Səhrablı vurğulayıb ki, sanksiyaların sərtləşdirilməsi İran–Qərb münasibətlərində gərginliyi daha da artıracaq:
“Münasibətlər onsuz da kritik mərhələdədir və tərəflər arasında dialoq imkanları demək olar ki, tükənib. Bu baxımdan yeni qərarlar yalnız mövcud qarşıdurmanı dərinləşdirəcək. Regional təhlükəsizlik məsələlərində əsas həlledici mövqe yenə də ABŞ-yə məxsusdur. Avropa ölkələrinin Vaşinqtonun mövqeyindən kənar müstəqil və sərt addımlar atması real görünmür. Bu səbəbdən Fransa və digər Aİ ölkələrinin İrana qarşı siyasəti daha çox ABŞ-nin ümumi strategiyasına uyğun şəkildə davam etdiriləcək”.
Ayşə Müzəfərli
