"Fransa İranı ABŞ-yə güzəştə getməyə çağırıb"
Fransanın Xarici İşlər naziri Jan-Noel Barro bildirib ki, İran ABŞ-nin hərbi müdaxiləsinin qarşısını almaq üçün Vaşinqtona bəzi güzəştlərə getməlidir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, İranın Avropanın mövqeyini nəzərə alacağı gözlənilən deyil:
" Fransanın bu addımı mənasızdır. Onun nə real təsiri, nə də çəkisi var. Diplomatik sahədə atılan formal və nəticəsiz növbəti addımdır. Nə Donald Tramp Fransanı ciddi tərəfdaş kimi qəbul edir, nə də İran Avropa ilə əvvəlki münasibətlər formatında maraqlıdır. Avropa İttifaqı ölkələri xarici işlər nazirləri səviyyəsində toplantı keçirərək İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Belə bir şəraitdə Tehranın Parisin çağırışlarına qulaq asması real deyil. İranın Avropanın mövqeyini nəzərə alacağı gözlənilən deyil. Məhz buna görə də, təşəbbüslərin hamısı yersizdir və heç bir mahiyyət daşımır. Çünki ABŞ-nin İrana qarşı irəli sürdüyü dörd əsas tələb var və Tehran bu tələbləri qəti şəkildə qəbul etmir, hətta onların müzakirəsini belə məqsədəuyğun saymır. Həmin tələblər İranın təhlükəsizliyi və gələcəyi ilə birbaşa bağlıdır. Tələblərə raket proqramının dayandırılması, nüvə proqramından imtina və faktiki olaraq hakimiyyət dəyişikliyi tələbi və s. aiddir. Bunların hamısı İran üçün qeyri-məqbuldur".
Müsahib qeyd edib ki, İran dəfələrlə bildirib ki, əgər ABŞ münasibətləri normallaşdırmaq və danışıqlara başlamaq istəyirsə, proses “sıfırdan”, diktəsiz və bərabərhüquqlu əsasda aparılmalıdır. Əks halda, bu danışıqlara ehtiyac yoxdur:
"Ötən ilin iyun ayında danışıqlar davam etdiyi bir vaxtda ABŞ İsraillə razılaşaraq İrana qarşı hücum həyata keçirib. Bu, diplomatiya baxımından son dərəcə biabırçı addım idi və beynəlxalq münasibətlər tarixində qara səhifə kimi qalacaq. Digər tərəfdən, Qətər vasitəçilik missiyasını üzərinə götürüb. Lakin bu prosesdə də İsrail havadan zərbələr endirərək guya HƏMAS nümayəndələrini hədəfə alıb. Bu da aparılan təşəbbüslərin real dəyəri olmadığını göstərib. İran, Qətər, digər müsəlman ölkələri, eləcə də Çin və Rusiya yaxşı anlayırlar ki, Qərbin, xüsusilə Anglo-sakson diplomatiyasının əsas məqsədi qarşı tərəfi tam şəkildə zəiflətmək və oyundan kənarlaşdırmaqdır. Buna görə də, bu dövlətlər ehtiyatlı davranır və əvvəlcədən mövqelərini möhkəmləndirirlər".
Politoloq bildirib ki, İranın hər hansı güzəştə gedəcəyi artıq real görünmür:
"Donald Tramp üçün isə burada ciddi risklər mövcuddur. ABŞ-nin hərbi donanması güclüdür və İran üçün təhlükə yaradır. Lakin İranın cavab imkanları var. İran sahillərinə yaxınlaşan gəmilər, ABŞ hərbi bazaları və regionda yerləşən 30 mindən artıq Amerika hərbi personalı potensial hədəfdir. Məsələ güzəştlərdən gedirsə, bu yalnız Tehran-Vaşinqton səviyyəsində, ikitərəfli və bərabər formatda müzakirə oluna bilər. Parisin bu prosesdə iştirakına ehtiyac yoxdur. Müharibə riski mövcuddur. Lakin bu risk Fransadan və ya Avropa İttifaqından deyil, birbaşa ABŞ və İrandan asılıdır. Burada əsas təhrikedici tərəf isə İsraildir. İsrail çalışır ki, ABŞ- ni İrana qarşı yönəltsin, rejim dəyişikliyinə nail olsun və prosesi öz istədiyi formada formalaşdırsın".
Müsahib qeyd edib ki, İran İslam İnqilabı mövcud olduğu zamandan bəri ABŞ-nin təzyiqləri, sanksiyaları və təxribatları ilə üzləşib:
"Nəticədə, həm dövlət sistemində, həm də cəmiyyət daxilində ciddi bir vəziyyət formalaşıb. Əgər sanksiyalar olmasaydı, İranın dondurulmuş maliyyə vəsaitləri qaytarılsaydı, ölkədə tamamilə fərqli sosial-iqtisadi şərait yaranardı. ABŞ-nin maliyyə siyasətində rol oynayan fiqurların, xüsusilə maliyyə təzyiq mexanizmlərinin, bu sahədə təcrübəli olduğu məlumdur. Lakin bütün bu təzyiqlərə baxmayaraq, İran alternativ çıxış yolları tapmağa çalışır. Son 1-2 il ərzində İran hökumətinin proseslərə nəzarəti zəiflətməsi daxili böhranları daha da dərinləşdirib. Bu, ABŞ-nin qələbəsindən çox, İranın daxili idarəetmədə yol verdiyi səhvlərin nəticəsidir. Hazırda, müharibə riski olduqca yüksəkdir. İranda səfərbərlik və mümkün təxliyə planlarının gündəmə gəlməsi də bunu təsdiqləyir. Lakin bütün bunlar göstərir ki, Tehran ABŞ təzyiqləri qarşısında geri çəkilmək niyyətində deyil və açıq şəkildə niyyətini bildirir".
Səmayə Səftərova
