Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsi tənqid olunub
Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsi ölkədə siyasi müzakirələri yenidən gündəmə gətirib. Qərar Korsikanın özünüidarəetmə hüquqları və bölgənin gələcək statusu ilə bağlı mübahisələrə səbəb olub.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Fransanın həssas bölgələrdən biri olan Korsika həm də uzun illərdən bəri Fransadan ayrılmaq uğrunda mübarizə aparan bir Fransa bölgəsidir. Bu baxımdan, Fransa hökuməti daim korsikalıların hüquqlarını məhdudlaşdırması ilə bağlı addımlar atmaqdadır və bu çərçivədə Korsika dilinin işlədilməsi ilə bağlı tələblərin rədd edilməsi bundan xəbər verir.
“Fransa hökuməti hesab edir ki, Korsikaya muxtariyyətin verilməsi gələcəkdə bu bölgədə əhalinin müstəqilliyi ilə bağlı və Fransadan ayrılmaqla bağlı iddialarını daha da gücləndirə bilər. Bu isə Fransada ölkənin parçalanmasına səbəb olacaq proseslərə təkan verə bilər. Bu baxımdan, Fransa hökuməti qabaqlayıcı tədbirlər almaqla bu prosesin önünü kəsməyə çalışır”.
Qasımovun fikrincə, müəyyən bir zaman kəsiyində Fransa hökuməti korsikalıların hüquqlarının tanınması, özünüidarəetmə və mədəni muxtariyyət məsələlərini onlarla müzakirə etməlidir.
O bildirib ki, bölgənin Fransa tərəfindən işğal edilməsi faktı da məlumdur. Korsika əhalisi Fransanın yerli əhalisindən tamamilə fərqli etnik köklərə malikdir. Bu da hər zaman bu bölgədə Fransadan ayrılmaq istəyi ilə bağlı məsələləri gündəmdə saxlamağa və bu mübarizəni davam etdirməyə stimul verən amillərdən biri sayılır.
Politoloqun sözlərinə görə, bu qərar Korsikada vəziyyəti sabitləşdirməyəcək. Müvəqqəti olaraq orada prosesi əngəlləsə də, ümumilikdə Korsika əhalisinin ayrılıqçı hərəkatı davam edəcək.
*Aysun Xəlilova*