Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlanılıb
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avropaya səyahət imkanları daha bir istiqamətlə genişlənib. Oktyabrın 28-də Avropanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Wizz Air” Bratislavadan Bakıya ilk birbaşa reysini həyata keçirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Bakı ilə Bratislava arasında birbaşa hava əlaqəsinin yaradılması ilk baxışda nəqliyyat sahəsində yenilik təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına xidmət edən mühüm addımdır:
"“Wizz Air” aviaşirkətinin Bratislavadan Bakıya ilk birbaşa reysini həyata keçirməsi Azərbaycanın Avropa istiqamətində nəqliyyat bağlantılarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
Birbaşa uçuşların əsas üstünlüyü məsafələri təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi və sosial baxımdan yaxınlaşdırmasıdır. İndiyədək əlavə tranzit imkanlarına ehtiyac duyan sərnişinlər üçün yeni marşrut daha rahat və əlçatan səyahət şəraiti yaradacaq".
Əlavə olaraq Rəşad Bayramov bildirib ki, həftədə iki dəfə həyata keçiriləcək uçuşlar turizm əlaqələrinin genişlənməsinə, işgüzar səfərlərin asanlaşmasına və xalqlar arasında birbaşa təmasların artmasına imkan verəcək:
"Azərbaycan-Slovakiya münasibətləri baxımından bu marşrutun əhəmiyyəti daha geniş kontekstdə qiymətləndirilməlidir. İki ölkə arasında iqtisadi əməkdaşlıq, enerji, tikinti və işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə sahələrində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur. Birbaşa hava bağlantısı həmin əməkdaşlığın praktiki müstəvidə genişlənməsinə, sahibkarların qarşılıqlı bazarlara çıxışının asanlaşmasına və yeni investisiya təşəbbüslərinin yaranmasına şərait yarada bilər.
Marşrutun açılması Azərbaycanın Avropa ilə münasibətlərinin təkcə siyasi dialoq və iqtisadi sazişlərlə məhdudlaşmadığını, gündəlik həyatda hiss olunan əlaqələr vasitəsilə də möhkəmləndiyini göstərir. Slovakiya Avropa İttifaqının üzvüdür".
Politoloq əlavə edir ki, Bratislava ilə birbaşa bağlantı Azərbaycan vətəndaşlarının Mərkəzi Avropaya çıxışını asanlaşdırmaqla yanaşı, Avropa turistlərinin ölkəmizin tarixi-mədəni irsi, turizm imkanları və müasir inkişafı ilə daha yaxından tanış olmasına şərait yaradacaq:
"Bu baxımdan uçuşlar insanlar arasında ünsiyyətin, mədəni mübadilənin və qarşılıqlı etimadın inkişafına xidmət edə bilər.
Bununla belə, yeni aviareysin açılmasını Azərbaycan-Avropa İttifaqı münasibətlərində özlüyündə siyasi dönüş kimi qiymətləndirmək düzgün olmazdı. Bu addım daha çox praktiki əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı maraqların konkret layihələrə çevrilməsi üçün əlavə imkan yaradır.
Ümumiyyətlə isə Bakı–Bratislava reysi sadəcə iki paytaxt arasında yeni marşrut deyil. Bu, Azərbaycanın Avropa ilə əlaqələrini daha əlçatan edən, Azərbaycan–Slovakiya tərəfdaşlığına əlavə dinamika qazandıra bilən və insanlar arasında münasibətləri gücləndirən praktik təşəbbüsdür".
Səadət Əlizadə