Fransada məktəb etirazları zamanı 15 yaşlı şagirdin əli partlayış nəticəsində qopub
Fransada məktəb yaxınlığında polis və nümayişçilər arasında baş verən qarşıdurma zamanı 15 yaşlı oğlanın əli partlayış nəticəsində qopub. Hadisə ölkə üzrə şagird etirazlarının davam etdiyi bir vaxtda baş verib. Pas-de-Kale prefekti Fransua-Ksavyer Loşun sözlərinə görə, “çox ciddi hadisə” bazar ertəsi səhər saatlarında ölkənin şimalındakı Lans şəhərində baş verib. O bildirib ki, şagirdin həyatı təhlükədə deyil və yeniyetmə “çox qısa müddətdə” yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Bazar ertəsi ölkə üzrə təxminən 500 məktəb şagirdlərin etirazları səbəbindən qismən və ya tamamilə fəaliyyət göstərməyib. Şagirdlər məktəb binalarının vəziyyətindən və işçi heyətinin çatışmazlığından narazıdırlar. Son günlər keçirilən etirazlar polis ilə nümayişçilər arasında qarşıdurmalara səbəb olub.
Fransa mediasında oğlanın xəsarəti necə alması ilə bağlı müxtəlif məlumatlar yayılıb. AFP xəbər agentliyi polis həmkarlar ittifaqındakı mənbəyə istinadən bildirib ki, şagirdin iğtişaşlara qarşı polis tərəfindən atılan “sting-ball” qumbarasını götürdüyü və qumbaranın onun əlində partladığı ehtimal olunur. Lakin regional “La Voix Du Nord” qəzeti yeniyetmənin yaxınlığında dayandığı bildirilən bir qıza istinadən yazıb ki, oğlan qumbaranı götürməyib. Qızın sözlərinə görə, “O, onu götürmədi. Mən orada idim, gördüm. O, qumbaranı nə götürdü, nə də tutdu”.
Hadisə ilə bağlı Lans şəhərinin meri Silven Robert bildirib ki, baş verənlərin şəraiti hələ də dəqiqləşdirilməlidir. O, Fransa mediasına deyib: “Sizin kimi mən də və bir çox başqaları da hadisədən sonrakı görüntülərdən bəzilərini görmüşəm. Lakin əməliyyatın polis və ya şagirdlər tərəfindən necə təşkil edildiyini görməmişəm”.
Regional prokuror bildirib ki, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırmanı Fransa polisinin nəzarət qurumu – Milli Polisin Baş İnspeksiyası (IGPN) aparacaq. Hadisə Auguste Béhal liseyinin yaxınlığında baş verib. Prefekt Loş bildirib ki, əvvəlki günlərlə müqayisədə məktəbin qarşısında daha çox şagird toplaşıb. Onun sözlərinə görə, səhərin əvvəlində ərazidə olan polis əməkdaşlarına müxtəlif əşyalar atılıb.
“Daşlar, fişənglər və minaatan tipli pirotexniki vasitələrdən söhbət gedir”, – deyə o bildirib. Loş əlavə edib ki, Milli Polisin departamentlərarası direktoru ilə razılaşdırılaraq asayişi qorumaq üçün əraziyə çevik polis qüvvələrinin (CRS) göndərilməsi barədə göstəriş verilib və hadisə də məhz bu şəraitdə baş verib.
Məktəb rəhbərliyi bazar ertəsi səhər açıqlama yayaraq bildirib ki, səhər baş verən hadisələr və bütün məktəb icmasının təhlükəsizliyini təmin etmək məqsədilə tədris prosesi dərhal distant formada davam etdiriləcək. Açıqlamada həmçinin qeyd olunub ki, bu müddət ərzində şagirdlərə və əməkdaşlara dəstək olmaq üçün məktəbdə dinləmə və dəstək xidməti yaradılıb.
Təhsil naziri Eduard Geffrayın sözlərinə görə, etirazlar başlayandan bəri ən azı 190 şagird xəsarət alıb. Ötən həftə 14 yaşlı Eden Sen-Uen-l’Omone şəhərində gözyaşardıcı qaz qumbarasının başına dəydiyi bildiriləndən sonra ağır xəsarət alıb. Onun vəkilinin sözlərinə görə, şagirdin çənəsi iki yerdən sınıb və o, “son dərəcə ciddi əməliyyat” keçirib. Daxili işlər naziri Loran Nüñez hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
Edenin anası bazar ertəsi mətbuat konfransında oğlunun vəziyyətindən danışarkən ürəyinin “parçalandığını” deyib. Fransanın BFMTV telekanalının onun sözlərinə istinadən yaydığı məlumata görə, Edenin çənəsi sabitlənib və o, yalnız pipet vasitəsilə maye qəbul edə bilir. Ana hadisəni “utancverici, dəhşətli, zorakı və dəhşətli” adlandıraraq bildirib: “Bu, baş verməməlidir. Onlar daha yaxşı təhsil şəraiti tələb edən uşaqlardır”.
Son etiraz dalğası sentyabrın sonlarında Parisdə başlayıb və daha sonra ölkə üzrə yayılıb. Etirazları ilk olaraq lisey şagirdləri başlayıb. Onlar müəllim və digər əməkdaşların çatışmazlığından, siniflərin həddindən artıq sıx olmasından və məktəb binalarının pis vəziyyətindən narazılıqlarını bildiriblər. Ötən həftə universitet tələbələri də etirazlara qoşularaq oxşar tələblər irəli sürüblər.
AFP-nin məlumatına görə, hərəkatın başlanmasından bəri ümumilikdə 5 mindən çox insan saxlanılıb və onların təxminən 85 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.
Radikal solçu “La France Insoumise” (LFI) partiyasının lideri Jan-Lük Melenşon etirazları 1968-ci ildən bəri Fransada baş verən “ən güclü məktəb və universitet tələbələri gənclər hərəkatı” kimi qiymətləndirib. 1968-ci il Fransada milyonlarla işçinin tətil etdiyi böyük etirazlarla yadda qalıb.
Təhsil naziri Geffray bildirib ki, bazar ertəsi son günlərlə müqayisədə fəaliyyətinə müdaxilə edilən məktəblərin sayında “aydın azalma” müşahidə olunub və ümumilikdə 589 təhsil müəssisəsi təsirlənib. Ötən cümə günü Fransa hakimiyyəti ölkədəki 3 700 məktəbdən 735-nin fəaliyyətinin pozulduğunu açıqlamışdı.
Bununla belə, Fransada çərşənbə axşamı daha böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. Şagird təşkilatı “Union Syndicale Lycéenne” (USL) insanları yenidən küçələrə çıxmağa çağırıb. Müəllimlər həmkarlar ittifaqı SNES-FSU da şagirdlərə dəstəyini ifadə edərək üzvlərini sabah keçiriləcək etiraz aksiyasına qoşulmağa çağırıb.
Fransa hökuməti isə buna cavab olaraq ölkənin müxtəlif bölgələrindən olan şagirdlərin üzləşdikləri problemlər barədə məlumat paylaşa biləcəyi “genişmiqyaslı məsləhətləşmə platforması” yaradacağını açıqlayıb. Təhsil naziri Geffray bildirib ki, mövcud problemlərin “əksəriyyətini” oktyabrın 16-dək həll etməyə ümid edir.
BBC News
Gülnar Mustafayeva