Fransaya qarşı oynamaq...
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Fransaya qarşı keçiriləcək oyunla bağlı açıqlamasında bildirib ki, komandanı çox vacib və gərgin qarşılaşma gözləyir: “Rəqibimiz bəllidir, son illərin ən güclü komandalarından biridir. Bilirik ki, onların heyətində bir çox ulduz futbolçular çıxış edir. Biz də oyuna ciddi şəkildə hazırlaşmışıq".
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, “Qarabağ” kimi millimiz də bu kimi oyunlar nəticəsində möhkəmlənir:
“Əvvəla, millimizə bugünkü oyunda könüldən uğurlar arzulayıram və onu qeyd edim ki, Ayxan Abbasovun- baş məşqçimizin fikirləri çox yerinə düşüb. Fransa kimi millilərə qarşı oynamaq millimiz üçün böyük motivasiyadır və böyük təcrübədir. Komanda bu cür böyük oyunlarda oynayaraq inkişaf edir. Biz buna Qarabağı misal çəkə bilərik. Qarabağ da top klublara qarşı oyunlardan sonra möhkəmlənib, güclənib və hazırda UEFA Çempionlar Liqasında “at oynadır”. Millimiz də bu cür oyunlarda böyüyür. Futbolçularımız hazırda psixoloji cəhətdən yaxşıdır. Çünki komandada artıq azərbaycanlı məşqçi var və Ukrayna ilə matçda biz bunu gördük ki, komandada ruh yüksəkliyi özünə qayıdıb və millimiz artıq sadəcə səfərə gedib oyun oynamaqla, yaxud da öz meydanında oyuna çıxmaqla yox, nəticə üçün döyüşən bir komandaya çevrilib. Məncə, Fransa millisinə qarşı məğlub olsaq belə, mənim və əksər futbol fanatının fikrincə, bu, belə olacaq, çünki Fransa hazırda dünyada top üç millidən biridir və bu komandaya qarşı bir xal aparmaq özü möcüzəyə bərabərdir. Amma düşünürəm ki, milli komandamız böyük hesabla məğlub olmayacaq. Yenə də bu, futboldur, hər şey mümkündür. Günün sonunda, ola bilsin ki, nəticəyə sevindik və yaxud da məğlubiyyətə üzüldük. Lakin milli komandamız əlindən gəldiyi qədər döyüşəcək meydanda, bacardığını edəcək. Çünki Ayxan Abbasov komandada hazırda ciddi şəkildə ruh yüksəkliyi yaratmağı bacarıb”.
Ceyhun Məmmədov fürsətdən istifadə edilərək, rəqibin zəif tərəflərinə çalışılmalı olduğunu da bildirib:
“Fransa kimi güclü rəqibə qarşı ələ düşəcək bütün fürsətlərdən istifadə eləmək lazımdır. Mən açıq bir futbol mütəxəssisi olsam və ya futbol meneceri olsam, Fransa kimi komandaya açıq oyunla üstünlük verərəm. Mənə elə gəlir ki, Azərbaycan millisinin bu oyunda qol vurmaq üçün, nəticə əldə etmək üçün yeganə variantı var. Fransa millisinin heyətində top oyunçular olmağına baxmayaraq, oynadığı klublarda fərqli mövqelərdə oynayıb. Fransa millisində fərqli mövqedə sınanılan futbolçular var. Bunlardan biri də Maykl Olise’dir. Olise Bayern Münxen klubunda sağ vinger mövqeyində oynayır. Fransa millisi isə Didye Deşam onu on nömrə mövqeyində sınayır. Son oyunlarda, İslandiya ilə matçda biz bunun şahidi olduq ki, bir neçə dəfə Olise ciddi şəkildə səhvlərə yol verir və səhvlərə yol verən futbolçu təkcə Olise yox, bir neçə nəfərdir. Xüsusi olaraq onlara hazırlaşıb, onların top itirməsinə çalışmaq lazımdır. Pressinq edib əlverişli hücuma çıxmaq olar”.
Ekspert həmçinin bunu da qeyd edib ki, nəticədə məğlubiyyət olsa belə, bu oyun komandamıza təcrübə qazandıracaq:
“Mənə elə gəlir ki, ən real nəticə, ən yaxşı nəticə heç-heçədir. Məğlub olsaq belə, mən belə fikirləşirəm ki, 2-0 və yaxud da 3-1 hesabıyla məğlub olacağıq. Millimizdən qol gözləyirəm. Ümid edirəm ki, bu da reallaşacaq. Amma bu komandaya qarşı maksimum şəkildə yaxşı oynayıb, təcrübə qazanıb, motivasiya əldə etmək olar. Məğlub olsaq belə. Onu da bildirim ki, ümumi fikrim komandamızdan, millimizdən yüksəkdir. Çünki Fernandu Santuşun gedişindən sonra klubda döyüşkənlik hiss olunur. Həmçinin millimizin əsas heyətinin, demək olar ki, yarı faizinin Qarabağ futbolçularından təchiz olunduğunu nəzərə alsaq, Qarabağ komandasında oynayan azərbaycanlı futbolçular UEFA Çempionlar Liqasında böyük təcrübə əldə ediblər. Bu cür oyunlarda necə çıxış etmək lazım olduğunu çox yaxşı bilirlər. Həyəcan ilk növbədə olmamalıdır. İlk iyirmi dəqiqə ərzində bu həyəcan millimizin futbolçularının üzərindən atılmalıdır və bundan sonra, belə fikirləşirəm ki, nəticəyə ümid etmək olar. Amma ən real, ən yaxşı nəticə bərabərlikdirsə, yenə deyirəm, məğlubiyyət olsa belə, bu, komandamız üçün böyük motivasiya və təcrübə olacaq”.
.jpg)
Lalə Qurbanlı
