Fərdi tədrisin üstünlükləri
Təhsil sistemində individual öyrənmə yanaşmalarının rolu getdikcə artır və repetitorluq bu prosesin əsas komponentlərindən biri olaraq öyrənmə nəticələrinin yüksəldilməsində sübut olunmuş təsirə malikdir. Tədqiqatlar göstərir ki, fərdi dərs alan şagirdlər mövzuları daha dərindən mənimsəyir və daha dayanıqlı nəticələr əldə edirlər.
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, “Dövlət qulluğu” serfikatı alan, repetitor kimi fəalliyət göstərən Aytac Məmmədova “İnformator.az”a danışıb:
“Abituriyentlik vaxtında qarşıma hər hansı bir ixtisas hədəfi qoymamışdım. Çünki ixtisas seçmək sonranın işi idi. O dönəmlərdən idarəçilik istəyirdim, yəni dövlət idarəetməsində iştirak etmək. Lakin hansı ixtisasda oxumalı olduğumu dəqiq bilmirdim. Hüquq ixtisası o dönəmlərdə çox məşhur idi, indi də olduğu kimi. Ancaq mən hələ onu seçməyi planlaşdırmırdım və 2019-cu ildə imtahan verdim. 600 balı keçmə hədəfi qoymuşdum dediyim kimi, 600 balı keçəndən sonra ixtisas seçimində gördüm ki, jurnalda “Dövlət ictimai münasibətlər” ixtisası var. Və mən araşdırdım bu ixtisası və gördüm ki, mərkəzi icra hakimiyyəti orqanlarında, yerli icra hakimiyyət orqanlarında, müxtəlif kommersiya təşkilatlarında belə təmsil oluna bilərəm. Ancaq bu ixtisası oxuyanda , mütləq magistrda almaq lazımdır. Çünki çox geniş sahələri əhatə edir. Yəni ixtisas özündə politologiyanı, hüququ, dövlət idarəetməsini, maliyyəni, bələdiyyə idarəetməsini, iqtisadiyyatı və digər sahələri birləşdirir. Çox geniş idi və ən böyük istiqamətlərə bölsək, sosiologiya və siyasəti özündə birləşdirirdi. Və mən də dedim ki, bu ixtisas tam mənə görə ixtisasdı. Və birinci Bakı Dövlət Universitetini yazmışdım. Mənim uşaqlıq xəyalım idi. Hazırda da, elə fikirləşirəm ki, Bakı Dövlət Universiteti hem reytinq cədvəlində, həm də Azərbaycanda, digər ölkələrdə tanınması ve prestejli olması baxımından çox yaxşıdır. Qismət elə gətirdi ki, mən həm bakalavr, həm də magistr təhsilimi Bakı Dövlət Universitetində aldım. Fərqli fakültələrdə aldım təhsillərimi və hər birində də, həm müəllimlərimdən, həm də təhsil keyfiyyətindən razı qaldım. Heç bir zamanda ixtisasımdan peşman olmamışam “.
Aytac Məmmədova dövlət qulluğu ilə müəllimlik fəaliyyətini birləşdirməyin çətinliklərinə də toxunub:
“Dövlət qulluğu ilə müəllimlik fəaliyyətini birləşdirmək çətindir. Sadəcə olaraq məqsəd olmalıdır ki, əsas məqsəd nədir?Yəni məsələn, dövlət qulluqçusu olmaq istəyirsinizsə, bunun üçün nə qədər çox işiniz olsa da, onu çatdırmaq üçün əlinizdən gələni edirsiniz. Mən dövlət qulluğunda Maliyyə Nazirliyindən keçmişəm və ehtiyat kadrlardayam. Gələcəkdə təyinatı veriləcəksə, müəllimlik fəaliyyəti ilə paralel aparmaq çətin olacaq. Magistr oxumaq mənim üçün çətin idi, amma üçünü də eyni anda idarə eləməyi bacarırdım. Bu da böyük ehtimalla, tələbəlik dönəmlərindən bir neçə işi eyni anda görə bilməyimi inkişaf etdirməkdən irəli gəlir. Düzdür, bu mənim bəzən yuxusuzluğuma, səhhətimdə problemlərə gətirib çıxarır. Amma əgər məqsəd böyükdürsə, hər şeyi çatdırmaq da mümkündür. Hər şeyi eləmək də mümkündür. Yəni əlindən gələn qədər bacarmaq mümkündür, amma, əlbəttə ki, çətindirmi sualının cavabı isə - bəli “.
Müəllim fəaliyyətində ona ən çox motivasiya verən məqamları da vurğulayıb:
“Bəzən kənardan fikirləşirlər ki, müəllimlər üçün motivasiya puldur. Amma mən fikirləşirəm ki, bu yanlışdır. Çünki məni ən çox motivasiya edən şagirdlərimin uğurunu görməkdir. Onların uğuruna sevinməkdir. Mən onlar imtahan verdikcə onlarla bir yerdə həyəcan keçirirəm. Onlarla bir yerdə stress yaşayıram. Həyata baxış bucaqlarını formalaşdırmaq, bir şəxsiyyət kimi formalaşdırmaq öhdəmə düşür. Çünki biz hər birimiz fərd kimi doğuluruq, ancaq şəxsiyyət kimi formalaşırıq. Axı bizim şəxsiyyət kimi cəmiyyətdə formalaşmağımızda müəllimlərimizin çox böyük rolu olur və fikirləşirəm ki, mən bir müəllim kimi çox şagirdin şəxsiyyət kimi formalaşmasına yardım göstərmişəm və göstərməyə də davam edəcəyəm. Yəni ən böyük motivasiyam budur ki, uşaqlar uğurlu olsunlar, onların gələcəyi parlaq olsun. Çox yaxşı yerlərdə olmaqlarını o qədər istəyirəm ki, ən böyük motivasiyam onların uğurudur və əlbəttə ki, mənə olan sevgiləridir. Onlar məni sevməyəndə mən özümü yetərsiz hiss edərəm deyə düşünürəm. Yəni bu işdə olmaram. Ümumiyyətlə, uşaqların sevgisi və onların uğurları mənim ən böyük motivasiyamdır “.
"Repetitor kimi də çalışırsınız. Bu fəaliyyətiniz zamanı ən çox hansı problemlərlə üzləşirsiniz və onları necə dəf edirsiniz?” sualını isə Aytac Məmmədova belə cavablandırıb:
“Açığı repetitorluq fəaliyyəti məni yorur. Niyə? Çünki repetitor valideynlər və şagirdlərlə birbaşa təmasda olan tərəfdir və ən çox yük repetitorun üzərinə düşür. Qarşılaşdığım çətinlik isə bəzən valideynlər övladlarının potensiallarının üstündə nəticə gözləməsidir. Məsələn, deyirəm ki, “uşaq 70 bal toplayacaq”. Valideyn deyir ki, “mən 90 bal” istəyirəm. İkincisi, ata valideynlərlə işləmək. Çünki bəzi atalar övladlarına qarşı sərt olurlar. Və atalarla əlaqə saxlamaqda çətinlik çəkirəm. Çünki uşaqları məsuliyyətsiz yanaşarkən, disiplinli olmayarkən şikayət edə bilmirəm. Uşağa qarşı fiziki şiddət göstərilməsindən qorxuram. Üçüncüsü, çox stress, həyəcan keçirirəm və hər bir şagirdə qarşı individual yanaşmağa çalışıram. Hər dəfə yatmamışdan qabaq fikirləşirəm ki, “filankəs adlı tələbəmin görəsən nəticəsi necə olacaq?, çox çalışır, amma başa düşə bilmir”, “Görəsən, necə öyrədim ki, başa düşsün?”, “Görəsən nəticəsini artırmaq üçün hansı yollara əl atmalıyam?”, “Filankəsin mətn tapşırıqları pisdir, filankəsin qrammatikası zəifdir, onu bu qrupla əlavə çağırım”. Bu kimi fikirlər, düşüncələr məni təşvişə salır”.
Hazırda ali təhsil alan bir çox tələbə vaxtilə abituriyent hazırlığı mərhələsində repetitor Aytac Məmmədovanın dərslərində iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirib, onun tətbiq etdiyi metodların sayəsində yüksək nəticələr əldə etməyə nail olub.
Məsələn, Könül Həsənzadə bildirib ki, Aytac müəllimənin dərs metodikası çox yaxşıdır, dərslər olduqca effektiv və səmərəli keçirilir:
“Repetitor dərsləri mənə DİM imtahanına hazırlaşmaqda çox böyük kömək etdi. Müəllimlər sayəsində dərslərimə ciddi yanaşırdım və sistemli şəkildə öyrənirdim. İmtahanda ümumi 602.2 bal toplamışam və demək olar ki, bunun 80%-i Aytac müəllimə görədir. Həm buraxılışa, həm də bloka onunla hazırlaşmışam və hər bir fənndə də 90+ nəticə toplamışam”.
Eyni zamanda, Abbasazdə Gülər isə qeyd edib ki, dərs oxumaq istəyim olmayıb, amma Aytac müəllim hər zaman mənə motivasiya verərək ders oxuma istəyi yaradıb:
“Dərslərin atmosferi çox rahatdır. Sual verməkdən, nəsə soruşmaqdan çəkinmirəm. Bu rahatlıq dərsin keyfiyyətinə də müsbət təsir edir. Dərslərə başlamazdan əvvəl bəzi mövzuları ya tam anlamırdım, ya da səhv yanaşmalarım olurdu. İndi isə sual tiplərini daha rahat tanıyır, mövzuları sistemli şəkildə düşünür və daha sürətli cavablandırıram. Ümumən, həm özümə inamım artıb, həm də nəticələrim yüksəlib “.
Mövzu ilə bağlı “İnformator.az”a açılamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, repetitorluq əslində bir üstünlük deyil, sadəcə bir alternativdir:
“Ali təhsilə qəbul imtahanlarında repetitorluq fəaliyyəti özünü göstərir. Yəni hansı şagird ki, orta təhsildə, məktəb saatlarında özünü yetişdirə bilmir, o repetitor yanına gedir və bir nəticə göstərir. Səbəb odur ki, repetitor daha az şəxslə və daha məqsədə uyğun çalışır, şagirdlər məsuliyyətli olur, çünki valideynlər müəyyən ödəniş edirlər. Repetitor təhsili, ümumiyyətlə, təhsil sistemini inkişaf etdirir desəm, düzgün deməmiş olaram. Sadəcə bu qeyd etdiyim kimi imtahan sisteminə qarşı bir mexanizmdir. Təbii ki, repitetorluq heç vaxt ortadan qaldırıla bilməz. Sadəcə onun kütləvi olması məktəb təhsilinə müəyyən mənfi təsir göstərir.
Məsuliyyət duyğusu, ictimaiyyətdə şagirdlərin özünü aparması, yəni bir vətəndaş kimi yetişdirilməsi faktorları əsasdır.
Son günlərdə Elm və təhsil nazirinin də, qeyd etdiyi ştat, yarımştat sistemi ilə müəllimlərin məktəbə alınması, yenidən işə yerləşdirilməsi bu problemi ortadan qaldıra bilər, yəni müəllim davamlı iş yeri kimi məktəbdə olduğu zaman dərsdən kənar vaxtlarda şagirdlərlə fərdi görüşlər keçirə bilər, onlarla, problemlərlə maraqlana bilər. Yəni sinif rəhbərliyi həqiqi mənada sinif rəhbərliyinə dönüşə bilər. Təhsilin keyfiyyətini repitetorluq yox, təhsil proqramları, eyni zamanda təhsil verənlərin metodlarını dəyişdirərək daha interaktiv, daha “Z” nəslinin deyərəm ki, qabiliyyət və imkanlarına uyğunlaşdıraraq vermələrində ortaya çıxır. Çünki şagirdlərin anlama, oxuma bacarıqları zəifdir, diqqət əksiklikləri var. Müasir metodlardan istifadə edərək rahatlıqla sualların cavabını tapa bilir. Məsələn ChatGPT və digər süni intellekt proqramlarından müəllimin tapşırıqlarını tez bir zamanda hazırlayıb təqdim edə bilir və ona görə müəllimin bunu ayırd etməsi, çox çətindir, düzdür, daha əvvəl də valideynlər tapşırıqları həll edib, kömək edib verirdi, ona görə, artıq əzbər təhsil sistemindən çox yaradıcı, analiz edə biləcək, müxtəlif versiyalar içərisində ən düzgününü seçə biləcək, təfəkkürlü bir təhsil sisteminə keçid lazımdır. Finlandiya təhsil sistemi bu model olaraq götürülə bilər və bənzəri bir neçə ölkənin, məsələn, Estonyanın, Macarıstanın və s. Burada bir də, məktəblərdə maddi texniki baza, kompüter şəbəkələrindən istifadə gücləndirilərsə öz effektini göstərər “.
Reyhan Quliyeva
