Fridrix Merzdən Aİ-yə ultimatum: Büdcə bloklana bilər?
Avropa İttifaqının daxili maliyyə mexanizmləri və xarici siyasət prioritetləri yeni bir siyasi gərginliklə üz-üzə qalıb. Almaniya müxalifətinin liderlərindən biri Fridrix Merz Ukraynaya dəstək məsələsində sərt mövqe sərgiləyərək, maliyyə yardımının təmin edilməyəcəyi təqdirdə Aİ-nin büdcəsini bloklamaqla hədələyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Almaniya Kansleri Fridrix Merzin Aİ Şurasının Prezidenti Antonio Koştaya məktub göndərərək bütün üzv ölkələrin Ukraynaya dəstək verməyəcəyi təqdirdə Aİ-nin 2028-2034-cü illər üçün çoxillik büdcəsini bloklamaqla hədələməsi ittifaq daxilində ciddi böhran riskləri yaradır:
"Ukraynanın qarşıdan gələn dövrdə 70 milyard avro maliyyə çatışmazlığı ilə üzləşəcəyi proqnozlaşdırılır.Əgər Almaniya kimi böyük bir donor dövlət Çoxillik Maliyyə Çərçivəsini bloklayarsa, Avropa İttifaqı "müvəqqəti onaltılıqlar" rejimində hər ay ötən ilin büdcəsinin yalnız 1/12-i qədər xərcləmə hüququ ilə fəaliyyət göstərməli olacaq. Bu isə bir sıra ciddi fəsadlara yol aça bilər. Belə olduqda elm və innovasiya proqramları, tələbə mübadiləsi və infrastruktur layihələrinin genişləndirilməsi qeyri-müəyyən müddətə dayanır".
Politoloq qeyd edir ki, Şərqi və Cənubi Avropa ölkələrinin iqtisadiyyatını dəstəkləyən Birlik fondlarından ayrılan subsidiyalar dondurulur və bu da infrastruktur böhranına səbəb olur:
“ Avropa fermerlərinə verilən Birgə Kənd Təsərrüfatı Siyasəti ödənişləri vaxtında icra edilə bilmir, bu isə daxili bazarda ərzaq inflyasiyasına rəvac verir. Aİ-nin Ukraynaya kömək etmək üçün onsuz da 200 milyard avronu ötən borclanma zərurəti var. Büdcə böhranı Aİ-nin beynəlxalq maliyyə bazarlarında istiqraz buraxmaq qabiliyyətini zəiflədir, faiz dərəcələrini artırır və avronun məzənnəsinə mənfi təsir göstərir. Avropadakı daxili siyasi çəkişmələr və büdcə şantajı taktikası Qərbin Ukraynaya dəstəyini həm taktiki, həm də strateji cəhətdən zəiflədə bilər. Büdcə müstəvisindəki böhranlar Ukraynaya təcili maliyyə və hərbi yardımların ayrılması prosesini aylarla ləngidir. Kiyevin isə cəbhədə və daxili makroiqtisadiyyatda belə bir vaxt itkisinə dözümü yoxdur. Habelə, Avropa ölkələrində daxili sosial xərclərin azaldılması fonunda Ukraynaya milyardların ayrılması tənqid olunur. Məsələn, Almaniyada Ditmar Barç sosial xərclərin kəsilməsi hesabına yardıma qarşı çıxır. Fransada isə Marin Le Pen yardımların kəskin azaldılmasını təklif edir. Merzin bu hədəsi əslində digər Aİ ölkələrini məsuliyyəti bölüşməyə məcbur etmək məqsədi daşısa da, kənardan Qərbin Ukrayna məsələsində vahid cəbhədə birləşə bilmədiyi və maliyyə yükü altında çətinlik çəkdiyi təəssüratını yaradır. Bu isə Rusiyanın strateji hesablamalarında onun xeyrinə işləyir".
Xədicə İsmayılova