Fərqli şarj alətlərindən istifadə telefonunuza zərər vura bilər
Hər hansı bir yerə gedərkən mobil telefonlarımızın şarj cihazını evdə unuda bilirik. Həmin an köməyimizə çatan başqalarının şarj alətləri olur. Orijinal ya saxta olmasına fikir vermədən istifadə etdiyimiz bu vasitələr sonradan telefonumuzda bir sıra problemlər yarada bilir.
Görünən odur ki, özünün ya başqasının şarj alətindən istifadə insanlar üçün çox da fərq etmir. Düzdür, mütəxəssislər də eyni fikirdə olsalar da, istifadə zamanı gözlənməli tədbirlərin də olduğunu deyirlər.
İT üzrə mütəxəssis Samir Mehdiyev hesab edir ki, başqasının şarj alətindən istifadə etmək çox da ciddi problemlərə səbəb olmur: “Amma bir halda ki, həmin cihazın orijinallığından əmin olasınız. Belə olmadığı halda telefonumuzun enerjisi çox tez azalır, batareyası şişə bilir”.
Amma bəzən özümüz də şarj cihazımızı itirə bilirik. Bu zaman ya eynisini alırıq, ya da alternativ markalara müraciət edirik.
Ekspert deyir ki, şarj cihazını alarkən əvvəla hansı mağazadan aldığımıza diqqət etməliyik: “Burada orijinal məhsulların satıldığından əmin olmalıyıq. Əks təqdirdə saxta satılan məhsullar telefonumuzun şarjını azaltmaqdan əlavə, onun partlamasına da səbəb ola bilər”.
Əgər istifadə etdiyiniz telefonun orjinal şarj cihazı çox bahadırsa, bunu da dərd etməyə dəyməz. Mütəxəssislərin tövsiyəsinə əsasən, nisbətən ucuz, amma lisenziyalı markalardan da məhsul əldə edə bilərsiniz.
