00:00:00
Yazar
Admin User
23.09.2025 15:55 137 6 dəq oxuma
Maraqlı

ƏFSANƏYƏ BƏNZƏR BİR EŞQ

ƏFSANƏYƏ BƏNZƏR BİR EŞQ

Deyilənə görə, dahi Üzeyir bəyin pianosu üstündə bitməyən bir not var. Bu, Üzeyir bəyin general Əliağa Şıxlinskinin ömür-gün yoldaşı Nigar xanıma yazdığı altı bəndlik “Mənim” şeirinin iki bəndinə yazılmış romansıdır. 

                              

  “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”.

                                                  General Əliağa Şıxlinski.

 

Nə böyük, nə ülvi sevgi. Deyilənlərə və yazılanlara görə, Nigar xanım Əliağa Şıxlinskinin ilk və son məhəbbəti olub. General sevimli ömür-gün yoldaşı Nigar xanımın ölümündən sonra düz on üç il tək-tənha yaşayıb. Əslində bu yaşamaq onun üçün ölümə bərabər bir “həyat” olub. “Sevgi könül dərmanı, insan ruhunun qidası”dır deyirlər. Nigar xanımın ölümü Əliağa Şıxlinskini bu ruhun qidasından məhrum etdi. Ona görə də sevimli Nigarı öldüyü gündən, andan həyat onun üçün bitdi...

Sonralar general xatirələrində yazırdı ki: “Biz 22 il birgə ömür sürdük. Bu 22 illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. O, dünyasını dəyişəndə mənim hər şeyim; həm səadətim, həm də səhhətim onunla getdi”.

 

Tədqiqatçı alim Heydər Hüseynov Əliağa Şıxlinskinin sonrakı taleyini belə təsvir edirdi: “... General hər gün otağındakı, divardan asılan Nigar xanımın şəkli ilə saatlarla söhbət edər, xəyallara dalardı. Bununla xəyalən Nigarlı günlərinə “qovuşardı”. Həyatındakı bu boşluğu yalnız Nigar xanımın xəyalı ilə “doldururdu”.

 

Kim idi bu Nigar xanım ki, “rus artilleriyasının Allahı” sayılan bu əfsanəvi igidin, generalın könül dünyasına hakim kəsilmiş, onu ömürlük öz eşq dünyasının “əsirinə çevirmişdi”? Hətta övladlarının olmaması belə bu məhəbbətə mane ola bilməmiş, onların ömür yollarını ayırmamışdır...

 

Nigar Hüseyn Əfəndi qızı Qayıbova (Şıxlinskaya). İlk azərbaycanlı şəfqət bacısı. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu qızıl medalla bitirən ilk ali təhsilli azərbaycanlı xanımı. İlk hərbi rütbəli azərbaycanlı qızı. Və ən əsası nəsillərə örnək ola biləcək sədaqəti və pak məhəbbətilə “məcazi eşqdən həqiqi eşqə körpü” salan səadət səltənətinin baş tacı!”.

 

Müfti Hüseyn Əfəndi əslən qazaxlı olsa da, Tiflisdə yaşayıb və uzun illər Qafqaz Dini idarəsinin rəisi olub. Bir din xadimi olmağına baxmayaraq şeirə-sənətə, maarifə meyilli bir insan olması qızı Nigarın təhsil almasında böyük rol oynayıb. Nigarın anası Səadət xanım da dövrünün kübar xanımlarından idi. O, Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri seçilmişdi. Övladlarının təlim-tərbiyəsi, təhsili ilə xüsusi olaraq özü məşğul olub. İlk təhsilini ata-anasından alan Nigar sonra ona xüsusi olaraq dərs verən müəllimlərindən rus, fransız, ərəb, fars dillərini mükəmməl öyrənib.  

 

Deyilənlərə görə, Müfti Hüseyn Əfəndi çox qohumcanlı bir insan olub. O, tez-tez Qazaxda yaşayan əmisi qızı Şahyəməngilə qonaq gedərmiş. Şahyəmənin oğlu Əliağa onun ürəyinə çox yatdığı üçün onu Tiflisə oxumağa yanına gətirir  Semyon Monastırsevinin şəxsi gimnaziyasında oxumağa qoyur. Beləliklə, on iki yaşından Əliağa Müfti Hüseyn Əfəndinin nəzarəti altında böyüyür və onlarda qalır. Əliağanın xarici görnüşü kimi daxili zənginliyi də Hüseyn Əfəndinin çox xoşuna gəldiyi üçün qızı Nigarı ona ərə vermək fikrinə düşür. Gənclərin də bir-birinə isti münasibəti onun ürəyincə olur. Din xadimi olmasına baxmayaraq,Hüseyn Əfəndi Əliağa Peterburqda Mixaylovski topçu məktəbində oxuyarkən Nigarla məktublaşmasına izin verir.  

1886-cı ildə Əliağa topçu məktəbini pul və qızıl saat mükafatı alaraq qutardığı üçün onu podporçik rütbəsilə 39-cu topçu briqadasında xidmətə götürürlər. Müharibələrdəkiuğurları Əliağanı on il doğma vətəninə həsrət qoyur. Nigar isə böyümüş, daha da gözəlləşmiş, artıq ailə qurmaq vaxtı idi. 

 

...Müfti Hüseyn Əfəndinin dostu knyaz Məmməd bəy Palavandovun Qazaxa hakim təyin edilməsi Hüseyn Əfəndini çox sevindirir. Bu münasibətlə dostunu ailəli Tiflisə qonaq dəvət edir. Qonaqlıq zamanı Məmməd bəyin oğlu Dərviş Nigarı görür və ona elçi düşür. Nigar bu sevgiyə biganə olsa da, Hüseyn Əfəndi onu dostunun oğluna ərə verir. 

 

Qəlbində hər an Əliağanın sevgisini yaşadan Nigarın ailə “səadəti” uzun çəkmir. Əri Dərvişin qəfil ölümü Nigarın körpə oğlu ilə yenidən ata evinə qayıtmasına səbəb olur. Günlərini Əliağanın köhnə məktublarını oxumaqla keçirən Nigar xanım bir gün yenidən ata evində Əliağa ilə rastlaşır... 

 

Belə ki, 1908–ci ildə polkovnik rütbəsi alan Ə.Şıxlinski döyüşlərin birində ayağından yaralanır. Bir neçə ay müalicə alsa da, yarası sağalmır. Daha mükəmməl müalicə almaq üçün çar onun altı ay ordudan uzaqlaşmasını məsləhət bilir. Bu zaman Əliağa vətənə-Qazaxa üz tutur. Ata-anası ilə görüşdükdən sonra Tiflisə getmək istədiyini bildirdikdə valideynləri olanlardan onu hale edərək dul qadınla evlənməsinin əleyhinə çıxırlar. Lakin Əliağanın sözü bir olur. “Nigar mənim ilk və son məhəbbətimdir. Ya Nigar, ya heç kim” deyərək Tiflisə üz tutur. 

 

Beləliklə, uzun illərin həsrətinə, iztirabına son qoyulur. 1909-cu ilin 27 oktyabrında onlar ailə qururlar. Bu zaman Əliağanın 44, Nigar xanımın isə 31 yaşı var idi. Böyük yaş fərqi olmasına baxmayaraq arada olan hörmət, ehtiram, təmiz, təmənnasız sevgi bir xoşbəxt ailənin təməlinin qoyulmasına və yaşamasına səbəb olur.    

 

...Sevgisini yenidən itirmək qorxusu ilə yaşayan Nigar xanım Əliağanı döyüşlərdə də tək buraxmır. Bir şəfqət bacısı kimi hər an döyüşlərdə olur. 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı “Qırmızı xaç” adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilir. Gününü çoxunu yaralıların arasında keçirir, bəzən onların ailələrinə məktub da yazır, onlara təsəlli verir. Nigar xanımla birlikdə “Müsəlman alayı”nda vuruşan romantik şair Məhəmməd Hadi sonralar onun bu xeyirxahlığını ehtiramla vəsf edib.

 

1914-cü ildə Nigar xanımın “Russki invalid”qəzetində qadınlara müraciəti dərc edilib (Bax: 1 avqust 1914,“Russki invalid” qəzeti). Bu müraciətdə o, döyüşçü xanımlarını ağlamağa, sızlamağa yox, ərlərinə dəstək olmağa, mübariz olmağa çağırırdı ki, ərləri cəbhədə daha ürəklə vuruşsunlar, ailələri üçün rahat olsunlar. (Bu gün bu müraciət hər bir Azərbaycan əsgərinin xanımına ünvanlanmalıdır).

 

Nigar xanım həm Cümhuriyyət dövründə, həm də sonrakı illərdə şəfqət bacısı işləməklə yanaşı, dövrü mətbuatda müxtəlif məzmunlu məqalələrlə çıxış edib. Sovet dövründə “Yeni fikir”, “Şərq qadını” və s. qəzet və jurnallarla əməkdaşlıq edən xanım əsasən Azərbaycan ədəbiyyatı tarixindən, ana dilimizin saflığından bəhs edən məqalələr yazıb. Tədqiqatçı alim Ə.Mirəhmədovun fikrincə, Nigar xanımın “jurnalistlik fəaliyyəti geniş tədqiq olunmalıdır və buna layiqdir”. 

   

 ...Tanrı Əliağaya bir çox xoşbəxtliklər bəxş etsə də övlad xoşbəxtliyini ona nəsib etmir. Amma Əliağanın öz övladı olmasa da, o, Nigarın oğlu Xosrova öz övladı kimi çox qayğıkeş, mehriban münasibət bəsləyib. Onun xatirələrini oxuyarkən bəlli olur ki, Xosrov kiçik yaşlarında onu atası bilirmiş. 

        

1917-ci il hadisələri zamanı general uzaqgörənlik edərək Qafqaza qayıdır və tez bir zamanda Tiflisdə Azərbaycanlılardan ibarət Milli Azərbaycan Ordusunun təməlini qoyur. Azərbaycan Xalq Cümhuriyyətidövründə isə onun yaranmasında yaxından iştirak edib. İstər Cümhuriyyət, istərsə də Sovet dövründə Ə.Şıxlinski hərbi elmi mövzuda məqalələr və kitablar çap etdirib. 

 

Təbii ki, Əliağa Şıxlinski kimi hərbi biliyə və qeyri-adi şücaətə malik olan bir Azərbaycanlı oğlunun olması düşmənlərimiz üçün böyük bir qorxu idi. Ona görə də 1920-ci ilin 28 aprel işğalının səhərisi general rus-bolşevikləri tərəfindən həbs edilir. O zaman Azərbaycan ÇK-sədri olan Semyon Pankratov müxtəlif illərdə generalı üç dəfə həbs etdir, uzun-uzadı sorğu-suala tutur. Hər dəfə də N.Nərimanov generalı çox çətinliklə azad etdirir. 

 

Bu həbslər, nəzarətlər Nigar xanımı çox narahat edir, sevimli ömür-gün yoldaşı üçün yaman narahatlıq keçirirdi. Qəlbinə hakim kəsilən bu qorxu onun səhhətinə də təsir edir. Hər anı səksəkəli yaşayan, sevimli ömür-gün yoldaşının taleyindən narahat olan Nigar xanım 1931-ci ilin 12 avqustunda dünyasını dəyişir.    

          

Fransız yazıçısı Balzak demiş: “Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub”. Nigar xanım da sevgisi və duyğuları ilə Əliağa Şıxliniskini xoşbəxt etdi, dözüm və fədakarlığı ilə onu qorudu

                                                         
 “Kaspi” qəzeti, 2014 

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər