Futbolçuya 3 oyunluq, komandaya 3 minlik cəza!
"Belə deyim ki, əslində mənim bu hadisəyə münasibətim normaldır. Ən azından qırmızı vərəqə almış bir oyunçu kimi Ribeyronu başa düşürəm. Bəzən oyunun müəyyən məqamları olur ki, xüsusilə müdafiədə çıxış edən oyunçular üçün hamıya məlumdur: müdafiəçilər hücumçulara qarşı sərt oynamalı və aqressiv davranmalıdırlar. Bunun fonunda isə soyuqqanlılığını qorumaq məcburiyyətindədirlər. Bu isə heç də asan məsələ deyil. Bir tərəfdən adrenalin, testosteron – bütün bu hormonların qaynadığı an, digər tərəfdən qorunmalı olan soyuqqanlılıq...".
Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, zaman-zaman nəinki Ribeyro, hətta top səviyyəli oyunçular belə qırmızı vərəqə alırlar:
"Ona görə də bunu başa düşürəm. Eyni zamanda qanunları da anlayıram, çünki futbolda oyunçuların davranışları ilə bağlı dəqiq qaydalar mövcuddur və onlara riayət etmək vacibdir.
3 oyunluq cəzanın ədalətli olub-olmamasına gəlincə, qaydalarda açıq şəkildə yazılıb ki, əgər birbaşa qırmızı vərəqədirsə, bu, minimum iki oyundur. Bu, hansı şəkildə alındığından asılı olmayaraq, əgər birbaşa qırmızı verilibsə, ən azı iki oyunluq cəza tətbiq olunur. Digər tərəfdən isə qırmızı vərəqənin səbəbi önəmlidir: əgər aqressiv davranış varsa, bu daha artığa çevrilə bilər. Yəni üç oyun da verilə bilər. İntizam Komitəsi də məhz buna əsaslanaraq belə bir qərar qəbul edib və düşünürəm ki, burada qərəz yoxdur. Çünki oyun kənarda olduğu halda Ribeyronun sakit dayanan oyunçunu itələyib yerə yıxması sərt hərəkət kimi qiymətləndirilib. Bu səbəbdən də üç oyunluq cəza verilib. Mənə görə, bu cəza iki və ya üç oyun ola bilərdi. Ancaq 3-dən çox – məsələn, 4 və ya 5 oyunluq cəza artıq hərəkətin sərtliyinə görə müəyyən olunur. Kənardan baxanda da sərt hərəkət təsiri bağışlayır".
Müsahibimizin sözlərinə görə, mübahisə mövzusu olaraq bunu nə tam ədalətli, nə də ədalətsiz adlandırmaq mümkündür:
"O ki, qaldı Ribeyronun oyuna təsirinə, bunu çempionatın əvvəlində də demişdim: "Neftçi"nin müdafiə xətti hazırda daha inamlı və etibarlı görünür. Bu da əsasən Ribeyronun hesabınadır. O, sürət baxımından çox güclü futbolçudur və dominant futbol oynayan "Neftçi" kimi komandaya belə sürətli müdafiəçi profili vacibdir. Onun yoxluğu, təbii ki, komandanın oyununa mənfi təsir göstərəcək. Ribeyro meydançadan çıxandan sonra rəqibin çoxlu qol imkanı əldə etməsi də buna sübutdur. O, "Neftçi" üçün əvəzolunmaz mərkəz müdafiəçisidir. Üstəlik, qarşıda "Sabah" kimi sürətli cinah hücumçularına malik bir rəqib var və bu, "Neftçi" üçün ciddi problem yarada bilər".
Zəhra Möhübbətova
