Futbolun inkişafı və gələcək perspektivləri
Futbol dünyanın ən çox izlənilən və sevilən idman növlərindən biridir. Hər dövrdə dəyişən qaydalar, taktiki yanaşmalar və texnologiyanın təsiri bu oyunun daim yenilənməsinə səbəb olur.
Bu mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında idman jurnalisti, futbol eksperti Emin Abbasov bildirib ki, oyundakı dayanmalardan gileylənənlər var idi:
“Düşünürdülər ki, oyunun tempini aşağı salır. Amma illər keçdikcə görürük ki, bu da aradan qaldırılır. Hakimlər daha tez qərar verirlər. Çünki artıq VAR-ın öz texnologiyası daha da təkmilləşir. 3D şəkil qrafikası var deye ofsaytların çox dəqiq müəyyənləşdirilməsi və s. sürətlidir. Düzdür, bu Azərbaycanda axsayır. VAR 80-90 % ədalətin bərqərar olmasında rol oynayır. Digər analitik proqramlarında rolu böyükdür. Əvvəllər məşqçilər gözlə bacıb nəyəsə qərar verməli idilər. İndi bunun üçün xüsusi proqramlar var. Bu baxımdan texnologiyanın rolu mühümdür”.
Müsahibimiz həmçinin bildirib ki, gənc futbolçuların yetişməsi çox həssas bir prosesdir:
“Müxtəlif ölkələri təmsil edən uşaqların genetikası nəzərə alınır. Ən həssas məsələ uşaqların yeniyetməlik və yeniyetməlikdən kişilik çağına keçməsində olur. Bu yaşlarda elə istedadlı uşaqlar olur ki, görürsən onlar müəyyən göstəricilərini itirirlər. Uşaq futbolundan böyük futboluna keçid edə bilmirlər. Səhiyyənin də bu işdə rolu böyükdür. Bu uşaqların fiziki olaraq düzgün böyüməsi təmin olunur. Ən vacib şey təməldir. Təməl və etablar çox vacibdir. Bunlarla yanaşı istedad da vacibdir. Yəni tək yetişdirməklə olmur. Həmçinin elə mütəxəssislər vardır ki, insanı istedadının ən yüksək zirvəsinə çatdırır”.
Banuçiçək Məmmədova
