Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Futzal üzrə Azərbaycan Kubokunda 30-cu turnirin püşkü atılıb və yarışın ilkin mərhələsindən etibarən kifayət qədər maraqlı qarşılaşmalar vəd etdiyi görünür.
"Kubok oyunlarında tək oyunlu sistem Avropada da var. Federasiya rəhbərliyi belə sistemin çempionatda komandalarımız üçün uğurlu və uyğun olacağını bilərək bu sistemə keçib".
Bu sözləri Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, birinci liqa komandalarının yüksək liqa komandalarına qarşı mübarizəsi çətin olacaq:
"İlk üçlükdə adı olan - "Araz-Naxçıvan", "Neftçi", "Baku Fire-2" komandalarına qarşı oynamaq çətin olacaq. Amma digər komandalara başa-baş oynaya və hətta qalib gələ bilərlər. Bu, o demək deyil ki, biz-yüksək Liqa komandaları nə iləsə sığortalanmışıq. Bu yaxınlarda İspaniya Kral Kubokunda birinci liqanın orta komandalarından olan "Albaseta" "Real Madrid" kimi güclü bir kollektivi kubok oyunlarından kənarlaşdırıb. Nəzərinizə çatdırım ki, həmin sözü gedən oyunlar da tək sistemli idi. Qaldı ki, o gözlənilməyən püşkatmaya: "Araz-Naxçıvan"la "Baku Fire-2" görüşəcək. Bu mərhələdə Federasiya yarışların püşkatmasını kor püşkatma adlandıran yol ilə edib. Burada, istənilən komanda istənilən komanda ilə görüşə bilər və ilk cütlük də məhz dediyim ikili olub. Bu, ən gözəgəlimli və güman edirəm ki, 1/8 final mərhələsinin ən baxımlı oyunu olacaq".
Zəhra Möhübbətova
