Futzal üzrə Yüksək Liqa baş tutub - ŞƏRH
Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib. Tur çərçivəsində bir neçə maraqlı qarşılaşma baş tutub və bəzi komandalardan böyükhesablı qələbələr qeydə alınıb. Xüsusilə, “Araz-Naxçıvan” və “Şuşa” rəqiblərini böyük fərqlə məğlub edərək diqqət çəkiblər.
"Bu tur bizim üçün məhsuldar olub. 18 yaşlı uşaqların "Araz-Naxçıvan" komandası ilə rəqabət aparmağı belə çətindir. Amma maksimum dərəcədə rəqibə müqavimət göstəriblər".
Bu sözləri Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Çempionlar Liqasında iki tur keçmiş bir komandaya qarşı oynamaq çox çətin idi:
"Təcrübə hər zaman öz sözünü deyir. Ona görə də, belə böyük hesabla oyunun bitməsi, hardasa zəruridir. Gənclər uduzsalar da, əslində daha da öyrənirlər. Ona görə də bu uşaqlar üçün hər hansı bir təcrübədir. Təsadüfi deyil ki, "Araz-Naxçıvan" komandasında keçən il U-19 komandasında oynayan Ədalət Ələkbərov da hazırda bizdə çıxış edir. Yəni bizdə də, digər komandalar da onları izləyənlər var və önə çıxan oyunçuları başqa komandalara dəvət edirlər, cəlb edirlər, daha təcrübəli olurlar və milliyə də dəvət alırlar. Bəhs etdiyim Ədalət Ələkbərov bu gün millinin əsas oyunçularından biri hesab olunur".
Müsahibin sözlərinə görə, mövsüm mərhələsində medallar uğrunda mübarizə aparan "Araz-Naxçıvan", "Neftçi" və "Baku-play" komandası yanvar ayında heyətlərini gücləndiriblər. Ona görə də digər üç komanda ilə müqayisədə daha güclüdürlər. Aralarındakı fərq də məhz buradan əmələ gəlir:
" "Şuşa", "Lənkəran" komandasının böyük hesabla olmasında, hardasa bizim komandadan həmin komandaya icarəyə verilmiş Sürət Qasımzadənin də böyük rolu var. Çünki onun böyük təcrübəsi var. Bu baxımdan ki, ilin ilk yarısını "Araz-Naxçıvan" komandası ilə keçirib, yaxşı məşqlər keçib və bu gün orada komandaya böyük töhfə verə bilir. Hazırdakı dövrənin axırıncı oyunun martın 19-u keçiriləcək. Bu turdan sonra turnir cədvəlində yəqin ki, müəyyən dəyişikliklər ola bilər: burada söhbət birinci və ikinci yerdən gedir. Çünki həmin turda "Araz-Naxçıvan"- "Neftçi" ilə qarşılaşacaq və bu oyunun taleyi, nəticəsi, daha dəqiq desək, Çempionatın taleyinə müəyyən təsiri olacaq. Hər iki komanda yaxşı hazırlaşır və güman edirəm ki, gözəl bir oyunun şahidi olacağıq".
Zəhra Möhübbətova