Fəvvarələr meydanında qanunsuz obyekt inşa edildi
Dünənin ən çox müzakirə olunan faktlarından biri. Daha bir tarixi əraziyə müdaxilə etmək istədilər. Detalları yazımızda…
Tarqovu kimi tanınan, əslində Fəvvarələr meydanı adlanan ərazidə, düz mərkəzi hissədə ümumi görünüşə xələl gətirən bir obyektin tikintisinə başlanılıb.
Özünü obyektin səlahiyyətli şəxsləri kimi təqdim edənlər açıqlama verməkdən yayındılar. Tikinti işləri ilə bağlı icazəniz varmı sualına isə cavabları belə oldu: “Mövsümidir. Bu tikinti olmaz Bakı şəhərində. Tikinti başqa şeydir. İcazə bilirsən necədi? Torpaq almısan səninkidir. Əlində kupçan var, sənədin var. O başqa məsələ. Bu mövsümidir, istənilən vaxt sökülə bilir”.
Ətrafda yaşayanlar da obyektin tarixi ərazinin estetik görününüşə xələl gətirdiyini deyirlər: “Qədim şəhərdir, gözəl şəhərdir. Camaat çıxır, gəzir, gəlir. Fikir versəniz əsasən ətrafda xarici vətəndaşlardır. Mənə elə gəlir ki, bu tarixi yerlərimizi daha çox tanıtmaq lazımdır”.
Aidiyyatı qurumun monitorinqləri zamanı işlərin hər hansı bir rəsmi razılıq olmadan aparıldığı müəyyən edilib və dərhal da tikintinin dayandırlması qərarı verilib.
Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazini nəzarətə götürdü. Obyektin sökülməsinə başlanıldı. Obyektin tikintisinə kimin və necə icazə verdiyi isə müəmma olaraq qalır.
