Gələcəyin şəhəri üçün böyük görüş-WUF
WUF13 günlərində Bakı çox canlı idi. Forumun keçirildiyi məkanda dünyanın müxtəlif ölkələrindən gələn insanlar bir araya toplaşdı. Tədbir boyunca şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri ilə bağlı mövzular müzakirə olundu.
Müzakirələrdə şəhərlərin insanlar üçün daha rahat və təhlükəsiz olması ön plana çəkildi. İştirakçılar real təcrübə və nümunələrdən danışdı. Hiss olunurdu ki, WUF13 şəhərlərin gələcəyi baxımından olduqca vacib bir platformadır. Forumda müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir, öz ölkələrini və təmsil etdikləri universitetləri tanıdırdılar.

Marmara Universitetinin təmsilçisi bildirdi ki, Azərbaycan çox qonaqpərvər ölkədir:
“Azərbaycan xalqına və Bakı şəhərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirik. Gülər üzünüz üçün çox sağ olun. Görüşənədək, hələlik Bakı”.
Çindən gələn digər qonaq isə WUF13-də iştirakın onun üçün böyük əhəmiyyət daşıdığını bildirdi:
“Bura ideya mübadiləsi aparmaq və dünyanın müxtəlif yerlərindəki təcrübələrlə əlaqə qurmaq üçün ən böyük şəhərsalma platformalarından biridir. İnsanlar burada bir-birindən öyrənməli və yeni yollar tapmalıdır. Bütün bunlar həm qlobal, həm də yerli səviyyədə çox əhəmiyyətlidir. Tədbir bitdikdən sonra burada səslənən fikirlərin real fəaliyyətə çevrilməsini, dəyişikliklər üçün konkret addımların atılmasını gözləyərdim”.
Fatimə Quluzadə isə qeyd etdi ki, WUF-da iştirak onun üçün yeni insanlarla tanış olmaq, fərqli fikirlər öyrənmək və özünü inkişaf etdirmək deməkdir:
“Belə böyük tədbirdə yer almaq mənə maraqlı və dəyərli təcrübə qazandırdı. WUF-dan sonra şəhərlərdə insanların həyatı üçün daha rahat və faydalı dəyişikliklər görmək istərdim. Xüsusilə,gənclər üçün daha çox imkan və layihələrin olması çox yaxşı olardı”.
Xədicə Əlizadənin sözlərinə görə, WUF13 müxtəlif ölkələrdən olan insanların şəhərlərin gələcəyi ilə bağlı fikir mübadiləsi apardığı önəmli beynəlxalq tədbirdir:
“Burada davamlı inkişaf, ekoloji problemlər və gənclərin şəhər həyatındakı rolu ilə bağlı mövzular xüsusilə vacibdir. Bu forum insanların daha rahat, təhlükəsiz və yaşıl şəhərlərdə yaşaması üçün yeni ideyaların yaranmasına şərait yaradır”.
Mələk Hüseynova