Gəncədə su israfının qarşısının alınması ilə bağlı maarifləndirmə görüşü keçirilib
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncədə su israfı əleyhinə maarifləndirmə” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi Gəncə şəhərində əhali arasında su ehtiyatlarından səmərəli istifadə vərdişlərinin formalaşdırılması, su israfının azaldılması və ekoloji məsuliyyətli davranışların təşviq edilməsi yolu ilə su resurslarının qorunmasına töhfə verməkdir.
Son illərdə iqlim dəyişikliyinin təsiri ilə dünyanın müxtəlif regionlarında su qıtlığı daha ciddi problemə çevrilib. Azərbaycan, o cümlədən Gəncə şəhəri də bu prosesin təsirlərindən kənarda deyil. Xüsusilə şirin su ehtiyatlarının azalması gələcək üçün əsas risklərdən biri hesab olunur.
Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı layihənin məqsəd və vəzifələri barədə məlumat verilib, Azərbaycanın su ehtiyatları haqqında təqdimat keçirilib və mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra Gəncə şəhərinin su ehtiyatları və mövcud su mənbələri, şəhərdə su təchizatı sisteminin hazırkı vəziyyəti və bu sahədə nəzərdə tutulan gələcək tədbirlər barədə məlumat verilib. Həmçinin SECAP çərçivəsində hazırlanmış hesabat iştirakçıların diqqətinə təqdim olunub.
Görüşdə “Meliorasiya mühəndisliyi” ixtisası üzrə tədris aparan professor-müəllimlər, fakültə dekanı və tələbələr iştirak ediblər.
Tədbir zamanı vurğulanıb ki, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirmə işində gənclər və yeniyetmələr xüsusi rol oynayırlar. Onların düzgün məlumatlandırılması və əldə etdikləri bilikləri ailə üzvləri ilə bölüşməsi vasitəsilə daha geniş əhali qruplarının su israfının qarşısının alınması və su resurslarının qorunması məsələlərinə diqqətinin artırılması layihənin əsas hədəflərindən biridir.










