Gənc stolüstü tennisçilərimiz Avrasiya Liqasında yarışacaq
Azərbaycanın gənc stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər. Seçmə komanda Aktobe şəhərində keçiriləcək Avrasiya Liqasında ölkəmizi təmsil edəcək. Komanda baş məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarətdir. Yarışın ilk turu martın 30-da başa çatacaq. Qadınlardan ibarət Azərbaycan komandası əvvəlki yarışda 8 oyundan 7-də qalib gələrək ikinci yeri tutub.
Mövzu ilə bağlı “İnformator.az”a idman eksperti Kənan Məstəliyev bildirib ki, ümumilikdə stolüstü tennisçilərimizin, xüsusilə gənc idmançılarımızın çıxışları həmişə sevindiricidir:
"Bu idman növündə həm qadınlar, həm də kişilər arasında gənc və yeniyetmə idmançılarımız həmişə yaxşı nəticələr göstəriblər. Komanda hesabında Avropa çempionlarımız da olub. Gənc yaş qrupları daim uğurlu çıxışları ilə seçilir. Avrasiya Liqasında iştirak bu idman növünün inkişafına müsbət təsir göstərəcək. Stolüstü tennis daha çox Asiyada populyardır və güclü idmançılar əsasən oradadır. Bu liqada iştirak idmançılarımıza daha rəqabətli mühitdə çıxış etmək və böyük təcrübə qazanmaq imkanı verəcək. Düşünürəm ki, nəticədən asılı olmayaraq, iştirakın özü də müsbət haldır. İdmançılarımızdan uğurlu nəticə gözləmək olar".
Reyhan Quliyeva