Gənclər arasında xaricdə təhsilə maraq niyə artır?
Son illərdə gənclər arasında xaricdə təhsil almağa maraq artıb. Daha keyfiyyətli təhsil imkanları, beynəlxalq təcrübə qazanmaq və gələcək karyera perspektivləri bu seçimin əsas səbəbləri sırasında yer alır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında TİHA-nın sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, gənclər arasında xaricdə təhsilə marağın artmasının əsas səbəblərindən biri dünyaya çıxış imkanlarının genişlənməsidir:
“Əvvəllər xaricdə təhsil almaq daha məhdud çevrənin imkanı kimi görülürdüsə, bu gün gənclər sosial şəbəkələr, müxtəlif təhsil proqramları, təqaüdlər və layihələr vasitəsilə xarici universitetlər barədə daha çox məlumat əldə edirlər.
Digər tərəfdən, gənc özünə sual verir: “Mən sadəcə diplom almalıyam, yoxsa eyni zamanda beynəlxalq mühitdə təcrübə qazanmalıyam?” Tələbə müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurur, dil bacarıqlarını inkişaf etdirir və özünü daha müstəqil mühitə hazırlayır”.
Əlavə olaraq təhsil eksperti bir məsələyə də aydınlıq gətirib ki, xaricdə təhsil almaq avtomatik olaraq daha keyfiyyətli təhsil almaq demək deyil:
“Bu gün gənclər universitet seçərkən ölkənin adına və ya diplomdakı “xarici” sözünə yox, daha konkret olaraq universitetin reytinqinə, proqramın məzmununa, akkreditasiyasına və gələcək karyera imkanlarına baxmalıdırlar. Çünki xaricdə də çox yaxşı universitetlər var, kifayət qədər zəif təhsil verən müəssisələr də var”.
Ekspert qeyd edib ki, Azərbaycan ilə xarici ölkələr arasındakı fərqlərinə gəldikdə isə bunu bütün ölkələrə şamil etmək mümkün deyil. Bir sıra inkişaf etmiş təhsil mərkəzlərində tələbənin tədqiqat aparmasına, müstəqil düşünməsinə və layihələr üzərində işləməsinə daha çox diqqət ayrılır.
Təhsil eksperti əlavə edib ki, Azərbaycanda isə son illərdə bu istiqamətdə daha çox yeniliklər həyata keçirilir. Nəzəri biliklərlə yanaşı, praktiki biliklərin daha da güclənməsi vacibdir.
Onun sözlərinə görə, məqsəd gəncləri xaricə göndərmək deyil, həm xaricdə təhsil imkanlarından düzgün istifadə etmək, həm də Azərbaycanda elə təhsil mühiti formalaşdırmaqdır ki, gənc burada da karyera imkanları görə bilsin.
Nəticə olaraq bildirib ki, bir məsələni də unutmaq olmaz ki, xaricdə qazanılan təcrübənin Azərbaycana gətirilməsi çox önəmlidir. Çünki xaricdə təhsilin ən böyük faydalarından biri yalnız fərdin inkişafı deyil, həmin təcrübənin sonradan ölkənin inkişafına töhfə verməsidir.
Səadət Əlizadə