Gənclər işsizdir: Əmək bazarının tələbləri
Ölkəmizdə işsiz gənclərin sayı kifayət qədər çoxdur. Bu vəziyyət müxtəlif səbəblərdən qaynaqlanır:
gənclərin təhsil aldıqları ixtisas ,əmək bazarındakı real tələbat, praktik hazırlığı mühüm rol oynayır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirir ki, gənclər dörd il müəyyən ixtisas üzrə təhsil alır, amma məzun olduqdan sonra həmin sahədə işəgötürənin tələb etdiyi praktik bacarıqlara malik olmadığı ortaya çıxır. Yəni diplom var, amma real iş prosesinə uyğunlaşmaq üçün lazım olan təcrübə, kommunikasiya, komanda da işləmə, rəqəmsal bacarıqlar və xarici dil kifayət qədər formalaşmayıb.
“İxtisas seçimi zamanı əmək bazarının gələcək tələbatını nəzərə almamaq da ciddi problemdir. Bəzi gənclər ixtisası yalnız keçid balına, valideyn istəyinə və ya həmin ixtisasın sosial prestijinə görə seçirlər. Dörd il sonra isə həmin ixtisas üzrə vakansiyaların məhdud olduğunu görürlər. Ona görə də ixtisas seçimi əslində yalnız universitet seçimi deyil, gələcək karyera istiqamətinin seçilməsidir.
Əmək bazarında ali təhsilli yoxsa peşə təhsilli kadırlara daha çox ehtiyacın olması ilə bağlı
Təhsil eksperti Ali təhsilli və peşə təhsilli kadrlara əmək bazarında bərabər səviyyədə ehtiyac olduğunu bildirir. Əmək bazarının həm ali təhsil mütəxəssislərinə, həm də peşəkar-texniki kadrlara ehtiyacı var. Bu gün yaxşı mütəxəssis olan elektrik, mexanik, aşpaz, qaynaqçı, texnik və digər peşə sahiblərinə ciddi tələbat var. Eyni zamanda mühəndisə, həkimə, müəllimə, hüquqşünasa, iqtisadçıya və digər ali təhsil tələb edən istiqamətlər üzrə peşəkar kadrlara ehtiyac mövcuddur. Əsas məsələ təhsilin səviyyəsindən daha çox həmin təhsilin əmək bazarının ehtiyacları uzlaşmasıdır.
Gənclərin iş tapmaqda çətinlik çəkməsinin əsas səbəbi müvafiq sahə üzrə iş təcrübəsinin olmamasıdır.
“İşəgötürən təcrübəli əməkdaş axtarır, gənc də “ilk işimi tapım ki, təcrübəm olsun” deyir. Burada müəyyən bir paradoks yaranır. Məncə universitetlər və işəgötürənlər arasında daha sıx əməkdaşlıq qurulmalıdır. Tələbə hələ məzun olmadan real iş mühiti ilə tanış edilməlidir. Təcrübə proqramları, dual təhsil, universitet-sənaye əməkdaşlığı bu baxımdan çox önəmlidir”.
İşə yeni başlayan gənclərdən tələblər kikfayyət qədər yüksək olur. 21-22 yaşında universiteti bitirən bir şəxsdən ali təhsil diplomu , iki il iş təcrübəsi, xarici dil, yüksək kompüter bacarıqları, mükəmməl kommunikasiya tələb etmək reallığa uyğun deyil. Yəni əgər işəgötürən yeni məzun axtarırsa, onun inkişaf potensialını da nəzərə almalıdır.
“Burada gənclərin öz məsuliyyətini də unutmaq olmaz. Universiteti bitirənə qədər yalnız nəzəri biliklər qazanmaq kifayət etmir. Tələbə oxuduğu müddətdə öz sahəsində təcrübə qazanmalıdır: könüllü fəaliyyətlərə, təcrübə proqramlarına, layihələrə qoşulmalıdır. Əlavə bacarıqların əldə edilməsi əmək bazarının nə tələb etdiyini bilməyə kömək edir”.
Əmrah Həsənli sonda vurğulayır ki, gələcəyin əmək bazarında diplomu olan deyil, diplomunu real bacarıqla birləşdirə bilən gənc daha üstün mövqedə olacaq. Ona görə də əsas hədəfimiz diplomlu gənclərin sayını artırmaq deyil, əmək bazarına hazır peşəkar və rəqabət qabiliyyətli məzunlar yetişdirmək olmalıdır.
Süsən Mərdalıqız