Gördüyümüz pis yuxular psixologiyamıza təsir edir?
Pis yuxular yalnız yuxuda qalmaqla kifayətlənmir, həm də gündəlik sağlamlığımıza təsir göstərə bilər. Yuxuda travmatik və qorxulu hadisələr təkrarlandıqca beynin stress mərkəzləri aktiv qalır və bu, gündəlik həyat keyfiyyətini azalda bilər.
Mövzu ilə bağlı psixoloq Namiq Qüdrətov “İnformator.az"a açıqlamasında bildirib ki, İslamda yuxular üç əsas növə bölünür:
"Birinci növ Allahdan gələn, yaxşı və müjdə verən yuxulardır. İkinci növ insanı qorxutmaq və narahat etmək məqsədi daşıyan, şeytandan olan yuxulardır. Üçüncü növ isə insanın gündəlik fikirlərinin, narahatlıqlarının və vərdişlərinin yuxuda davamıdır. Bundan əlavə, qarışıq və mənasız yuxular da mövcuddur və onlara xüsusi əhəmiyyət verilməsi tövsiyə olunmur. Yəni hər yuxu ilahi mesaj deyil: bəziləri psixoloji mənşəli, bəziləri isə sadəcə təsadüfi ola bilər. Yaxşı və xeyirli yuxular Allahdan olan müjdə sayılır və hədislərdə peyğəmbərliyin qırx altı hissəsindən biri hesab olunur. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Məndən sonra peyğəmbərlikdən yalnız müjdələr qalacaq.” Soruşulduqda ki, bu müjdələr nədir, buyurmuşdur: “Saleh yuxular-insanın gördüyü və ya ona göstərilən yuxular". Pis və qorxulu yuxular isə şeytandan olur və insanda qorxu, narahatlıq yaradır. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Yuxuların bəzisi Allahdandır, bəzisi isə şeytandandır". Şeytani yuxulara qorxulu kabuslar, qarışıq və mənasız yuxular, eləcə də insanı günaha sövq edən yuxular daxildir. Bu cür yuxuların nəticəsində bəzi hallarda qüsl almaq lazım ola bilər. Gündəlik fikirlərlə bağlı yuxular isə insanın gün ərzində düşündüyü şeylərin yuxuda davamı kimi ortaya çıxır. Məsələn, insan adətən müəyyən vaxtda yemək yeyirsə və həmin vaxt yatarsa, yuxuda özünü yemək yeyən görə bilər. Bu üç növə daxil olmayan yuxular isə qarışıq və mənasız hesab olunur. Məlumdur ki, insanın qəlbində qalan qorxu və travmalar davranışlara təsir edir. Psixologiyada uşaqlıq travmalarının sonradan yuxularda simvolik formada geri qayıtması sübut olunmuşdur. Qorxu, zorakılıq və ya tərk edilmə hissi kabus şəklində təkrar oluna bilər. Freud və Jung kimi psixoloqlar yuxuları şüuraltı yaddaşın dili kimi izah etmişlər. Uşaqlıq travmaları bəzən qorxu hissini həddindən artıq aktiv saxlayır və bu da gecə yuxularında qorxu ssenarilərinin yaranmasına səbəb olur. İslamda da narahat yuxuların bəzən qorxu, stress və daxili gərginliklə əlaqəli olduğu qəbul edilir və Peyğəmbər (s.ə.s) qorxulu yuxudan sonra dua etməyi və rahatlaşmağı tövsiyə etmişdir. Psixologiyada isə pis yuxuların əsas səbəbləri stress, travma, depressiya, günahkarlıq hissi və həddindən artıq yorğunluq hesab olunur. Uzun müddət emosional təzyiq altında olan beyin gecə bu gərginliyi boşaltmağa çalışır. Jung yuxuları psixikanın balans yaratmaq cəhdi kimi izah edirdi. Qorxu filmləri, mənfi xəbərlər və konfliktlər də yuxulara təsir göstərə bilər. Hormon balansı və yuxu rejimi də mühüm rol oynayır. Bu baxımdan pis yuxular çox vaxt beynin “siqnal sistemi” kimi fəaliyyət göstərir. Pis yuxular tək-tək baş verdikdə normal sayılır, lakin həftədə bir neçə dəfə təkrarlanırsa, oyanandan sonra qorxu hissi uzun müddət keçmirsə, insan yatmaqdan qorxmağa başlayırsa və bu vəziyyət gündəlik həyata təsir edirsə, artıq risk siqnalı hesab oluna bilər. Bu zaman əsəbilik, diqqətin azalması, yorğunluq, panik hisslər və fiziki simptomlar-ürək döyüntüsü, tərləmə, titrəmə və təngnəfəslik müşahidə oluna bilər. Pis yuxuların qarşısını almaq üçün yatmazdan əvvəl beyni sakitləşdirmək vacibdir. Bunun üçün elmi şəkildə sübut olunmuş nəfəs texnikasından istifadə etmək olar: dörd saniyə nəfəs alıb altı saniyəyə nəfəsi vermək və bunu beş-on dəqiqə təkrar etmək stress və narahatlığı azaldır. Həmçinin “beyni boşaltma” yazısı metodu tövsiyə olunur; yatmazdan iyirmi dəqiqə əvvəl kağıza “Bu gün məni narahat edən nə oldu?”, “Sabah nə edəcəyəm?” və “Nəyə görə minnətdaram?” suallarına cavab yazmaq beynin planlama rejimindən çıxmasına və yuxunun asan gəlməsinə kömək edir. Yatmazdan ən azı altmış dəqiqə əvvəl telefon, televiziya, sosial media və psixoloji təsirli filmlərdən uzaq durmaq lazımdır, çünki mavi işıq melatonin hormonunu azaldır və yuxunu gecikdirir. Bədəni rahatlatmaq üçün ayaqlardan başlayaraq bütün bədən hissələrini növbə ilə sıxıb buraxmaq faydalıdır: bu zaman bədən boşalır, beyin isə rahatlayır. Hər gün eyni saatda yatmaq və gözləri yumaraq özünü sakit bir məkanda təsəvvür etmək də yuxu keyfiyyətini artırır”.
Selcan Xudiyeva
