Multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyəti açıqlanıb
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyətini açıqlayıb.
"İnformator.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib ki, multimodal daşımalarında vahid elektron bəyannamə prinsipi çox vacib addımdır.
Şahin Bağırov qeyd edib ki, multimodal daşımalar bir neçə nəqliyyat növünü - məsələn, dəniz, dəmir yolu və avtomobil nəqliyyatını əhatə edir və hər bir nəqliyyat növü üzrə fərqli bəyannamə və sənədlər tətbiq olunur. Dünyada da bu praktika mövcuddur: daşımaların xüsusiyyətinə, həcminə və tutumuna görə müxtəlif sənədləşmə formaları istifadə edilir. Lakin digər nəqliyyat növünə keçid zamanı əlavə sənədlərin tələb olunması prosesləri mürəkkəbləşdirir. Bu baxımdan vahid elektron bəyannamənin tətbiqi xüsusi əhəmiyyət daşıyır: “Konteynerlərin bir nəqliyyat növündən digərinə ötürülməsi zamanı əlavə sənəd tələbinin aradan qaldırılması tranzit daşımaların sürətini artıracaq, keyfiyyətini yüksəldəcək və logistik prosesləri sadələşdirəcək. Bu, eyni zamanda tranzit dəhlizlərinin cəlbediciliyini artıracaq və ölkənin tranzit potensialına müsbət təsir göstərəcək. Nəticə etibarilə, sadələşdirilmiş prosedurlar 2026-cı illər üzrə tranzit imkanlarının genişlənməsinə töhfə verəcək”.